Atlantik Şurasından ABŞ-yə təklif: Siyasi məhbusların azadlığı qarşılığında Azərbaycana silah qadağası ləğv olunsun

ABŞ-nin Atlantik Şurası Tramp administrasiyasına Azərbaycanda həbsdə olan siyasi məhbusların azad edilməsi qarşılığında Bakıya tətbiq olunan silah satış məhdudiyyətlərinin ləğvini təklif edib. Təhlil mərkəzi hesab edir ki, belə bir razılaşma həm Vaşinqton-Bakı münasibətlərini yaxınlaşdıra, həm də regionda sülh prosesinə təsir göstərə bilər

ABŞ-nin Atlantik Şurası (Atlantic Council) təhlil mərkəzi Tramp administrasiyasına Azərbaycanla bağlı “böyük saziş” hazırlanmasını təklif edib. Təklifə görə, Vaşinqton Azərbaycana silah satışına qoyulan məhdudiyyətləri aradan qaldırmalı, Bakı isə onlarla siyasi məhbusu azad etməlidir.

Mərkəzin yaydığı təhlildə bildirilir ki, bu model ABŞ-nin Belarusla apardığı danışıqlara əsaslana bilər. Qeyd olunur ki, Ağ Ev sanksiyaların yumşaldılması müqabilində Belarusda 500-dən çox siyasi məhbusun azad olunmasına nail olub.

Təhlildə vurğulanır ki, ABŞ-nin Ermənistan və Azərbaycanla münasibətlərindəki dəyişikliklər, Ermənistanda yaxınlaşan parlament seçkiləri və yekun sülh sazişinə ehtiyac belə bir razılaşmanın uğurlu olma ehtimalını artırır.

Müəlliflər hesab edir ki, Tramp administrasiyası Konqreslə birlikdə Azərbaycana silah satışını məhdudlaşdıran “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişinin ləğvini gündəmə gətirməlidir. Bunun qarşılığında isə Azərbaycan həbsdə olan siyasi məhbusları, o cümlədən ABŞ ilə əlaqələri olan şəxsləri azad etməlidir.

Təhlildə deyilir ki, 907-ci düzəliş 1992-ci ildə Azərbaycanın Qarabağdakı ermənilərə münasibəti və Ermənistana tətbiq etdiyi blokadaya görə qəbul edilmişdi. 2001-ci ildən etibarən isə ABŞ prezidentləri hər il bu məhdudiyyətlərin tətbiqini dayandıran qərar imzalayıblar. Buna görə də sənəd praktik baxımdan ciddi təsir göstərməsə də, Bakı onu Vaşinqtonla münasibətlərdə simvolik maneə kimi qiymətləndirir.

Atlantik Şurası yazır ki, ABŞ vitse-prezidenti Cey Di Vensin 2025-ci ilin fevralında Ermənistan və Azərbaycana səfəri regiona Vaşinqtonun artan diqqətini göstərib. Məqalədə qeyd olunur ki, Vens Yerevanda milyardlarla dollarlıq nüvə enerjisi dəstəyi və ABŞ maliyyəli superkompüter layihəsini elan edib, Bakıda isə təhlükəsizlik və əməkdaşlıqla bağlı müzakirələr aparılıb.

Mərkəz hesab edir ki, Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri belə bir razılaşma üçün mühüm fürsət yaradır. Təhlildə Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh gündəliyinə görə Rusiyaya yaxın qüvvələrin təzyiqi ilə üzləşdiyi qeyd olunur. Müəlliflərin fikrincə, Azərbaycan seçkilər ərəfəsində bəzi erməni məhbusları azad etməklə Paşinyanın mövqeyini gücləndirə bilər.

Məqalədə siyasi məhbus kimi iqtisadçı Qubad İbadoğlunun, eləcə də “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə və “Amerikanın Səsi” ilə əməkdaşlıq edən Ülviyyə Əlinin (Quliyeva) adı xüsusi qeyd olunur. Müəlliflər onların “ədalətsiz şəkildə həbs edildiyini” bildirirlər.

Atlantik Şurası qeyd edir ki, ABŞ-nin Azərbaycana hərbi yardımı hazırda çox məhduddur və əsasən qeyri-hücum xarakterli təhlükəsizlik dəstəyi ilə məhdudlaşır. Bildirilir ki, Vaşinqtonun itirəcəyi əsas məsələ təsir rıçaqlarıdır, lakin Ağ Ev bu rıçaqlardan həm siyasi məhbusların azadlığı, həm də Cənubi Qafqazda sülh prosesini təşviq etmək üçün istifadə edə bilər.

Təklif olunan plana əsasən, əvvəlcə Azərbaycan bəzi erməni məhbusları azad etməli, daha sonra isə Vaşinqton və Bakı 907-ci düzəlişin ləğvi müqabilində azərbaycanlı siyasi məhbusların və əlavə erməni məhbusların sərbəst buraxılması barədə razılığa gəlməlidir.

Təhlildə vurğulanır ki, bu razılaşma bütün tərəflər üçün siyasi qazanc vəd edir: Bakı Vaşinqtonla münasibətlərini yaxşılaşdıra, ABŞ administrasiyası siyasi məhbusların azad olunmasını diplomatik uğur kimi təqdim edə, Ermənistan isə vətəndaşlarının geri qaytarılmasına nail ola bilər.

Atlantik Şurası hesab edir ki, ABŞ-nin əlavə təşviqi ilə Azərbaycan və Ermənistan yekun sülh sazişinə doğru daha bir addım ata bilər.