ABŞ Prezidenti Donald Tramp Venesuelaya qarşı davam edən sərt ritorikanın narkotik axınının qarşısını almağa yönəldiyini bildirirdi.
Lakin Trampın Venesuela Prezidenti Nikolas Maduronun qaçırılmasından sonra söylədiyi fikirlər göstərir ki, Vaşinqtonun əsl marağı Venesuelanın neft ehtiyatlarıdır. Bu ehtiyatlar dünyada ən nəhəng hesab olunur və təxminən 303 milyard barel olaraq qiymətləndirilir.
Tramp Karakasa edilən hücumları əvvəlcə narkotiklərə qarşı əməliyyat kimi təqdim etdi. Rəsmilər bunu narkotik alveri ittihamı ilə axtarışda olan “iki ittiham edilmiş qaçağın” saxlanılması adlandırdılar. Maduro Nyu-York Məhkəməsində “narko-terrorizm sui-qəsdi və kokain idxalı sui-qəsdi” də daxil olmaqla bir sıra ittihamlarla üzləşmişdi.
ABŞ-nin Maduronu ələ keçirəndən sonra Tramp mövqeyini dəyişərək Venesuelanın nefti və ABŞ-nin bu ölkə üzərində nəzarəti barədə açıq danışmağa başladı.
Tramp bildirdi ki, ABŞ “hələlik ölkəni idarə edəcək”, neft infrastrukturunu yenidən quracaq, Çin və Rusiya kimi rəqiblər də daxil olmaqla qlobal müştərilərə satmaq üçün “yerin altından çox böyük miqdarda sərvət çıxaracaq”.
Maduro narkotik ticarətində iştirakını ardıcıl olaraq inkar edib və Vaşinqtonu bu ittihamdan neftə və digər təbii resurslara çıxış əldə etmək üçün bəhanə kimi istifadə etməkdə günahlandırıb.
Venesuela Ali Məhkəməsi vitse-prezident Delsi Rodriqesin “idarəetmədə davamlılığı və ölkənin hərtərəfli müdafiəsini təmin etmək” məqsədilə müvəqqəti prezident kimi fəaliyyət göstərməsinə göstəriş verib.
Tramp bildirib ki, əgər Rodriqes “bizim istədiyimizi edərsə”, ABŞ Venesuelanı işğal etməyəcək. O, həmçinin sürgündə olan, Nobel mükafatı laureatı müxalifət lideri Mariya Korina Maçadonu dəstəkləməkdən imtina edərək, onun xalqın razılığını və ya “hörmətini” qazanmadığını deyib.
ABŞ-nin Rodriqesdən istədiyi əsas məsələ böyük ehtimalla Venesuelanın nefti ilə bağlıdır. Tramp və digər ABŞ rəsmiləri bu nefti “ABŞ nefti” kimi xarakterizə ediblər.
Bunun səbəbi Cənubi Amerika ölkəsinin 1970–2000-ci illər arasında neft sənayesini milliləşdirməsi və nəticədə əksər ABŞ neft şirkətlərini ölkədən çıxarmağa məcbur etməsidir.
ABŞ-ın Venesuellaya marağı narkotik deyil, ölkənin 303 milyard barel olan neftidir