Meksikada müsəlman xanımlar üçün hicab problemi

Meksikalı müsəlman xanımlar pasportlarda hicablı şəkil çəkdirə bilmək uğrunda hüquqi mübarizə başladıblar və bu məqsədlə də xüsusi hərakat yaradıblar.

Meksikada bir qrup müsəlman xanım hökumətin pasportlarda hicablı şəklin olmasını qadağan edən qərarına qarşı hüquqi mübarizəyə başlayıb.

Onlar bəyan ediblər ki, hökumətin bu qərarı onların dini azadlıq, bərabərlik və özünüreallaşdırma hüquqlarını pozur.

Problem təxminən 2 il öncə – 57 yaşlı Ana Mariya Qarsiya adlı xanım xaricdəki ailəsini ziyarət etmək üçün pasport əldə etmək müraciəti edərkən başlayıb. O zaman ona hicabla şəkil çəkdirməyə icazə verilməyib.

Elə o vaxtdan da onun işi Ali Məhkəməyə verilib və sözügedən iş hələ də davam edir.

Oamariya Belem Lozano adlı xanım da oxşar problemlə üzləşib – ona pasport şəklində hicabla olmağa icazə verilmədiyi üçün o, xaricdəki iş imkanını əldən verib.

Bu cür hicab qadağası yüzlərlə müsəlman xanımı “Mariya Hicabi” adlı hərəkat qurmağa sövq edib. Onların məqsədi pasport üçün hicab şəklin çəkilməsinə icazənin verilməsidir.

Hərəkatın üzvləri bildiriblər ki, Milli Seçki Komissiyası qadınlara şəxsiyyət vəsiqələri üçün baş örtüyü ilə şəkil çəkdirməyə icazə verir ki, bu da dövlət qurumlarında ikili standartların olduğunu sübut edir.

Müsəlman xanımlar Meksika İslam Şurasının dəstəyi ilə inzibati məhkəməyə müraciət ediblər. İnzibati məhkəmənin hakimi Aqustin Telyo Espindola bildirib ki, pasport şəkli üçün qadınlardan başlarını açmağı tələb etmək qeyri-konstitusion haldır. Hakim deyib ki, şəxsiyyətin müəyyənləşdirilməsi üçün yalnız üzün cizgilərinin aydın düşməsi tələb olunur, yaylıq və hicab kimi baş örtükləri isə şəxsiyyətin təsdiqlənməsi prosesinə mane olmur.

Lakin Meksika Daxili Xarici İşlər Nazirliyi hakimin bu qərarını qəbul etməyib və işi Ali Məhkəməyə göndərib.

Gözlənilir ki, bu məsələ Meksikada dini azadlıq və şəxsiyyətin identifikasiyası ilə bağlı rəsmi metotdlarla bağlı mühüm hüquqi presedent yaradacaq.