Bu ad Məhəmməd Peyğəmbərə (s) olan sevgi, mənəvi saflıq və xeyirxahlıqla əlaqələndirilir

15 oktyabrda Birinci Kanalın efirində qonaq olan Baş nazir İrakli Kobaxidzenin "Məhəmməd" adı ilə bağlı səsləndirdiyi fikirlərə şeyx Hacı Faiq Nəbiyev münasibət bildirib.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev özünün rəsmi "Facebook" səhifısində belə yazıb:

"Gürcüstanın Baş naziri İrakli Kobaxidze tərəfindən Gürcüstan İctimai Televiziyasında səsləndirilmiş açıqlama ilə tanış oldum.

Baş nazir Avropada miqrasiya problemlərindən danışarkən 'Məhəmməd' adını qeyd etmişdir. Bu ifadə müsəlman icmasında müəyyən anlaşılmazlıq və bəzi hallarda narahatlıq yaratmışdır.

Mən, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi olaraq, bu məsələ ətrafında cəmiyyətdə yaranmış reaksiyanı anlayıram.

'Məhəmməd' adı dünyanın bir çox ölkələrində ən çox yayılmış adlardan biridir. Bu ad Məhəmməd Peyğəmbərə (s) olan sevgi, mənəvi saflıq və xeyirxahlıqla əlaqələndirilir. Bu səbəbdən, belə bir adın ictimai diskussiyalarda çəkilməsi zamanı həssaslıq göstərilməlidir ki, möminlərin hisslərinə toxuna biləcək yanlış təəssürat yaranmasın.

Eyni zamanda, biz inanırıq ki, səsləndirilmiş ifadə kontekstdən çıxarılmışdır və cənab İrakli Kobaxidzenin fikirləri nə İslama, nə də dünya müsəlmanlarına qarşı yönəlməmişdir.

Biz Gürcüstanda mövcud olan dini azadlıqlar mühitini, dövlətin tolerant siyasətini və bütün dini icmalara bərabər münasibət prinsipini yüksək qiymətləndiririk. Baş nazir tərəfindən Ramazan aylarında iftar süfrələrinin təşkili, Qurban bayramı münasibətilə məscidlərə səfərlər və müsəlman vətəndaşlarla görüşlər, həmçinin Dini Məsələlər üzrə Dövlət Agentliyi vasitəsilə müsəlman icmalarının sosial və dini məsələlərinə göstərilən diqqət bu siyasətin bariz nümunələrindəndir.

Bu münasibətlərin davamlılığı və möhkəmləndirilməsi Gürcüstan cəmiyyətinin birliyi və sabitliyi üçün mühüm əhəmiyyət daşıyır. Gürcüstan həmişə müxtəlif din və etnik qrupların harmonik birgəyaşayışı ilə seçilmişdir və gələcəkdə də bu ənənə davam edəcəkdir. 

Müsəlman vətəndaşlar bu müxtəlifliyin ayrılmaz hissəsidir və ölkənin inkişafına və ümumi rifaha fəal şəkildə töhfə verirlər. Allahdan bütün dünyaya, xüsusilə Gürcüstanımıza sülh, əminamanlıq və rifah arzu edirəm".

Məlumat üçün bildiririk ki, Baş nazir İrakli Kobaxidze 15 oktyabr tarixində Birinci Kanalın efirində çıxışı zamanı Avropa ölkələrindəki miqrasiya və LGBT məsələlərindən danışıb. Hökumət başçısı, Berlində ən çox rast gəlinən adlardan birinin “Məhəmməd” olduğunu qeyd edərək, bunu Avropanın qarşılaşdığı problemlərdən biri kimi dəyərləndirib. O, həmçinin İngiltərədə uşaqlara ən çox qoyulan adın “Məhəmməd” olduğunu söyləyib. Baş nazirin bu sözləri Gürcüstan müsəlmanları arasında müzakirə predmetinə çevrilib.