NATO-nun keçmiş rəhbəri Azərbaycanın cəzalandırılmasını istəyir

"Ola bilsin, prezident İlham Əliyev də Putin kimi avtokratdır, amma düşünmürəm ki, Əliyev prezident Putinin düşdüyü vəziyyətdə olmaq istəsin. Mən bir daha Əliyevi Dağlıq Qarabağın blokadasına son qoymağa çağırıram".

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Rasmussen deyib.

Ermənistanda səfərdə olan Rasmussen Azərbaycanın və onun rəhbərliyinin ünvanına  ittihamlarla çıxış edib.

O, Avropa İttifaqını Beynəlxalq Məhkəmənin qərarına baxmayaraq, Laçın dəhlizini açmaqdan imtina etdiyinə görə Azərbaycana təzyiq göstərməyə çağırıb.

"Avropa İttifaqının Azərbaycanla energetika sahəsində sazişi var və bundan təzyiq amili kimi istifadə oluna bilər. Ola bilsin, prezident İlham Əliyev də Putin kimi avtokratdır, amma düşünmürəm ki, Əliyev prezident Putinin düşdüyü vəziyyətdə olmaq istəsin. Mən bir daha Əliyevi Dağlıq Qarabağın blokadasına son qoymağa çağırıram", - "Turan" agentliyi Rasmussendən sitat gətirib.

Keçmiş NATO rəhbəri Ermənistana səfəri çərçivəsində Laçın dəhlizinin başlanğıcına gələrək vəziyyətlə tanış olub.

O həmçinin Azərbaycan-Ermənistan sərhədi yaxınlığındakı Gorus şəhərinə səfər edib, oradakı Qarabağdan olan "qaçqınlar"la söhbət edib. 

Rasmussenin sözlərinə görə, "Laçın yolu açılmasa, Qarabağda humanitar fəlakət" ola bilər.

O həmçinin bildirib ki, Ermənistana hökumətinin dəvətilə gəlib və Yerevanın Brüsselə yaxınlaşmasına kömək edəcək.

Rasmussen hazırda Rasmussen Global Lobbiçilik təşkilatına rəhbərlik edir.