"Nardaran işi 4" üzrə apellyasiya məhkəməsinə baxış təyin edildi - Video

Avqustun 28-də Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə "Nardaran işi 4" üzrə Müsəlman Birliyi Hərəkatının idarə heyətinin üzvləri Elxan İsgəndərov və Əbülfəz Bünyadovun Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Təqsirləndirilənlərdən Ə. Bünyadov məhkəməyə gətirilməyib. Hakim hazırlıq iclası olduğundan məhkəmənin onun iştirakı olmadan da keçirilə biləcəyini deyib. Daha sonra o məhkəməyə çoxsaylı insanların gəlməsinə irad tutub. Bundan sonra digər təqsirləndirilən Elxan İsgəndərovu zala gətiriliblər. İsgəndərovun əlindəki qandal şüşə kameraya salındıqdan sonra da açılmayıb.
Vəkil Fariz Namazlı apellyasiya baxışının qismən məhkəmə istintaqı ilə keçirilməsi və hər iki təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimakan tədbirinin seçilməsinə dair vəsatət verib. Hakim vəsatətlərin təmin olunmadığını deyərək məhkəmə baxışının 11 sentyabr saat 15:00-a təyin edildiyini elan etdi.
Xatırladaq ki, E.İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilir. O, 5 noyabr 2015-ci ildə Sabunçu Rayon Polis İdarəsinin qarşısında keçirilən aksiyadan sonra həbs edilib. O, 15 gün müddətinə inzibati həbs olunub. Daha sonra Sabunçu Rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu Rayon Prokurorluğuna göndərilib. E.İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda Ə.Bünyadovun səhhətində problem olduğuna görə, o, polisin nəzarəti altına verilib. Həbsdə olan Ə.Bünyadov bir müddət azadlığa çıxıb. 11 iyul 2018-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi Ə.Bünyadovun 15 il, Elxan İsgəndərovun 14 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. 3 iyul 2018-ci il tarixdə dövlət ittihamçısı çıxışında Elxan İsgəndərovun 14 il azadlıqdan məhrum edilməsini, Ə. Bünyadovun isə 15 il azadlıqdan məhrum edilməsini, bundan əvvəl istintaq dövründə 11 ay, 5 gün həbsdə yatması, ona görə bu müddət çıxılmaqla 14 il 25 gün azadlıqdan məhrum edilmə cəzası və həmin müddətin 3 ilini Qobustan həbsxanasında çəkməklə qalanını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məhkəmədən xahiş etmişdi.