"Nardaran işi 2": Məhkəmə müdafiə vəkillərinin vəsatətlərini təmin etmədi - Video

Fevralın 28-də Bakı Apellyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə "Nardaran işi 2" üzrə Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımov və hərəkatın üzvləri Nahid Qəhrəmanov, Ağaəli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə ilkin məhkəmə iclası keçirilib.

Müdafiə vəkilləri məhkəməyə bir neçə vəsatət təqdim ediblər. Belə ki, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, apellyasiya baxışının qismən məhkəmə istintaqı ilə aparılması və təxminən 12 vəsatət təqdim olunub. Vəkillər bunu onunla əsaslandırıblar ki, bu vəsatətlər təmin olunacağı təqdirdə orada göstərilən şahidlərin dindirilməsi və sənədlərin tədqiq edilməsi hissəsində istintaq aparılmalıdır. Çünki bu vəsatətlər Bakı Ağır Cinayətlər Məhkəməsində təqdim olunsa da, heç bir əsas gətirilmədən rədd olunmuşdu. Qısa sürən müşavirədən sonra hakim E. Şamayev vəsatətlərin təmin olunmadığını bildirərək, növbəti məhkəmə prosesinin 14 mart saat 15:30-a təyin olunduğunu élan edib.

Xatırladaq ki, 2015-ci ilin noyabr 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində 2-si polis olmaqla 6 nəfər ölüb. Nardaran və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox insan həbs olunub. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Dekabrın 16-da prokuror çıxışında Elçin Qasımovun 16 il, Ağa Əli Yəhyayevin 16 il, Nahid Qəhrəmanovun 14 il, Ramil Əliyevin 14 il, Elgün Axundovun 14 il, İsa İbrahimovun 14 il, Vüsal Alışın 13 il, Fərhad Muradovun 13 il, Seymur Aslanovun 13 il, Seyfəddin Şirvanovun 13 il, Əli Şahbazovun 13 il, Əmirəli Əliyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 28 dekabr 2017-ci il tarixdə Bakı ağır Cinayətlər Məhkəməsi Elçin Qasımov və Ağəli Yəhyayevin 15 il, Ramil Əliyev 14 il, Nahid Qəhrəmanov 13 il, Elgün Axundov, İsa İbrahimov, Vüsal Alış, Fərhad Muradovun hər biri 12,5 il, Seymur Aslanov, Seyfəddin Şirvanov, Əli Şahbazov və Əmirəli Əliyevin 12 il, 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.