"Ədalətsizliklər arasında ən pisi qanun adı altında edilən ədalətsizlikdir" - Nardaran işi 2

"Onlardan ifadə təzyiq və hədə-qorxu vasitəsilə alınıb" - bu sözləri "Nardaran işi 2" üzrə keçirilən məhkəmə prosesində vəkil İradə Cavadova deyib.

Rakurs TV-nin məlumatına görə, dekabrın 22-i "Nardaran işi 2" üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə hakim Mayıl Bayramov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə nitqi söyləyiblər. İlk olaraq, təqsirləndirilən şəxslərdən Əmirəli Əliyev və Əli Şahbazovun vəkili İradə Cavadova çıxış edib.

Vəkil müdafiə etdiyi şəxslərin heç bir təqsirinin olmadığını və onlara bəraət verilməli olduğunu bildirib:

"İttihama görə konstitusion quruluşu dəyişmək və şəriət dövləti qurmaq üçün müdafiə etdiyim şəxslər Tale Bağırzadənin sədrlik etdiyi, dövlət qeydiyyatına alınmayan Müsəlman Birliyi Hərəkatında mütəşəkkil dəstə halında birləşiblər. Konstitusiya məhkəməsində "mütəşəkkil dəstə" anlayışının şərhi verilib. Halbuki Müsəlman Birliyi Hərəkatı dövlət qeydiyyatına alınmaq üçün müraciət edib, nizamnamə və məramnaməsindən də görünür ki, onların məqsədi ölkənin inkişafına töfhə vermək, gənclərin ictimai həyatda daha aktiv iştiraka cəlb etmək, müxtəlif tematikalı oyunlar keçirmək və s. olub. Hansı mütəşəkkil dəstə bunları edər? Həm də, əgər Müsəlman Birliyi Hərəkatı cinayətkar dəstədirsə, onda bu hərəkatın bütün üzvləri həbs olunmalıydı, halbuki ittiham aktından da görünür ki, hərəkata bağlı 44 nəfər həbs olunub. Müdafiə etdiyim şəxslər isə heç bu hərəkatın üzvü deyillər. Əmirəli Əliyev sərbəst ifadəsində tutulması barədə danışdı. Bildirdi ki, evə maskalı şəxslər basqın ediblər və onunla birlikdə üç oğlunu həbs ediblər. Güya evdən silah-sursat tapılıb, lakin heç bir videoçəkiliş aparılmayıb. Yalandan silahları boynuna qoyublar. Onun hüquqlarını istintaq dövründə dövlət tərəfindən təyin edilmiş vəkil Aytən Əliyeva müdafiə edib. Lakin o, keyfiyyətli hüquqi yardım göstərməyib. Həbs müddəti uzadılan zaman iclasda vəkil iştirak etməyib. Lakin protokollarda vəkilin imzası var. Sual olunur ki, bu, necə olur. Əmirəli Əliyev latınca yazıb-oxuya bilmir. Vəkil ifadəni ona oxumayıb. Bütün ifadəni müstəntiq yazıb. Əli Şahbazovla da eyni hal baş verib. Təzyiq, hədə-qorxu ilə onlardan etirafedici ifadələr alınıb. Tale Bağırzadənun müraciət kitabçası olduğu deyilən kitabça kustar üsulla kompüterdə hazırlanıb və əllə sancaqlanıb. Orada Nardaran hadisələrindən danışılır. Həmin vaxt Tale Bağırzadə həbsdə idi. Yəqin həbsdə çap edib həmin kitabı. Həmin kitabçanın 5-ci səhifəsində İmam Hüseynə "Hüseyn" deyə müraciət olunur. Tale Bağırzadə kimi nüfuzlu, İmam Hüseyni özünə mənəvi lider bilən, şiə din aliminin İmam Hüseynə o formada xitab etməsi inandırıcı deyil. İttihamlar qondarma və saxtadır, bəraətverici əsaslarla xitam verilməlidir. Aristotelin bir sözü var: "Bütün ədalətsizliklər arasında ən pisi qanun adı altında törədilən ədalətsizlikdir. Sizi ədalətli qərar verməyə çağırıram".

Ə.Şahbazovun digər vəkili Elman Ağayev də ittihamların saxta olduğunu deyib və bəraət verilməsini istəyib. Digər vəkillər isə çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər. Proses dekabrın 25-də davam edəcək.

Ötən iclas prokuror çıxış edib. O, Elcin Qasimovun 16 il, Aga Əli Yəhyayevin 16 il, Nahid Qəhrəmanovun 14 il, Ramil Əliyevin 14 il, Elgun Axundovun 14 il, İsa İbrahimovun 14 il, Vusal Alışın 13 il, Fərhad Muradovun 13 il, Seymur Aslanovun 13 il, Seyfəddin Şirvanovun 13 il, Əli Şahbazovun 13 il, Əmirəli Əliyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Adları çəkilən şəxslərin bir qismi Müsəlman Birliyi Hərəkatının üzvüdür. Təşkilatın sədri, ilahiyyatçı Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub. Məhkəmənin qərarı ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Elçin Qasımov isə Nardaran hadisələrindən öncə - noyabrın 5-də tutulub. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılıb və 30 sutka inzibati həbs cəzası alıb. Daha sonra barəsində cinayət işi başlanıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Digərləri Cinayət Məcəlləsinin terrorçuluq, kütləvi iğtişaş, qanunsuz silah saxlama, hakimiyyəti zorla ələ keçirmə, qanunvericilikdə nəzərədə tutulmayan silahlı birləşmə yaratma, dövlət əleyhinə çağırışlar, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, xuliqanlıq, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə maddələri ilə günahlandırırlar.

Onlar ittihamı qəbul etmir və işgəncəyə məruz qaldıqlarını deyirlər.