Hizbullahın tərksilah edilməsi İslam dünyası üçün təhlükəlidir

Tehranın cümə namazının müvəqqəti imamı Ayətullah Seyid Əhməd Xatəmi “Hizbullahın tərksilahı İslam dünyası üçün təhlükəlidir” deyib.

Bu həftə Tehran Cümə Namazı Ayətullah Seyid Əhməd Xatəminin imamlığı ilə qılınıb.

Ayətullah Xatəmi cümə namazı xütbələrində çıxışı zamanı İsrailin Qətərə hücumuna reaksiya verib və: “Sionist rejim təbiətcə təcavüzkardır və qüdrəti artdıqca digər ərəb ölkələrinə də hücum edəcək” deyib.

"Sionist rejimlə mübarizənin yolu Birləşmiş Millətlər Təşkilatına yalvarmaq deyil. Bu rejim dünyanın gözü qarşısında cinayətlər törədir. Bu rejimlə mübarizənin yeganə yolu birlik və müqavimətdir".

Ayətullah Xatəmi İslam ölkələrini “qatil və qaniçən rejimlə siyasi və ticari əlaqələri tamamilə kəsməyə” çağırıb.

Qəzzada qeyri-insani blokadanı yarmaq üçün səylərini davam etdirən Qlobal Sumud Donanmasına dəstək verən Ayətullah Xatəmi bu beynəlxalq xalq hərəkatını təqdir edib.

Tehran cümə namazının müvəqqəti xətibi Livanda Hizbullah Hərəkatının mühüm roluna toxunaraq deyib: "Hizbullahın tərksilah edilməsi İslam dünyası üçün təhlükəlidir. Hizbullah İslam ümmətinin qüdrətli qoludur və bu gücdən sionist rejimlə mübarizə üçün istifadə olunmalıdır".