Azərbaycanda qanunların şah olmadığını hər kəs bilir. Burada heç şah da qanun deyil. Azərbaycan elə bir ölkəyə çevrilib ki, bəzi məmurlar üçün pul həm şahdır, həm də tanrı.
2 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən rejim nəzarət şöbəsinin rəisi Vəliyev Ülvi Əlixan oğlu da pula sitayiş edən kiçik məmurlardan biridir. Müəssisə rəhbərliyinin dəstəyi ilə müəssisə daxilində açıq bazar yaradaraq məhkumların ehtiyaclarını yüksək məbləğlər qarşılığında satışa çıxarıb. Hətta bəzi məhsulların müəssisəyə girişinə qadağa qoyaraq, satışını yalnız özü təşkil edib və beləliklə, monopoliya yaradıb.
Məhkumların saç saxlamasına qanun qadağa qoymur. Amma penitensiar xidmət müəssisələrində Sovetdən qalma saçın dibdən qırxılması ənənəsi davam edir. Ülvi Vəliyev bu ənənədən sui-istifadə edərək, saçlarının qırxılmasını istəməyən məhkumlardan hər ay 10 AZN pul tələb edir. Ödəniş etməyən məhkumlar isə alçaldıcı formada saç qırxılmasına məruz qalırlar.
Məhkumların qaldığı barak və otaqların təmiri üçün müraciət etdiyimiz zaman ağlasığmaz dərəcədə yüksək məbləğlər tələb olunur. Halbuki dövlət müəssisələrinin təmiri dövlət hesabına aparılmalıdır. 2 saylı cəzaçəkmə müəssisəsində isə təmir məhkumların hesabına həyata keçirilir. Dövlət tərəfindən ayrılan vəsaitlərin aqibəti isə heç kimə məlum deyil.
Rejim nəzarət şöbəsinin rəisi Ülvi Vəliyevə törətdiyi cinayət əməlləri ilə bağlı xəbərdarlıq etdiyimiz zaman, o, arxayın şəkildə “əlinizdən nə gəlirsə edin” deyir.
Ülvi Vəliyev kimi kiçik məmurların bu qədər özünəinamlı olmasının səbəbi hamımıza məlumdur. Ölkədəki cəzasızlıq mühiti nəticəsində bu ölkədə haqqı deyənlər şərlənib həbs olunur, cəfa çəkir, amma Ülvi Vəliyev kimi cinayətkarlar xalqdan oğurladıqları pullarla evlərində səfa sürürlər.
- 2 saylı cəzaçəkmə müəssisəsinin məhkumları
2 saylı cəzaçəkmə müəssisəsindən şikayət məktubu