Siyasi məhbus Mayıl Kərimov telefon danışıqlarından imtina edib

Müsəlman Birliyi Hərəkatının üzvü Mayıl Kərimov sentyabrın 12-dən telefon danışıqlarından imtina edib. Bu barədə məlumatı onun ailəsi bildirib. Həyat yoldaşının söylədiyinə görə buna səbəb həbsxana rəhbərliyinin onun telefon danışıqlarına yaratdığı məhdudiyyətlərdir. 

“Mayıl bu ilin aprelin 16-da, cəza aldıqdan sonra 1 saylı İstintaq Təcridxanasından 6 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. İlk gündən həbsxana rəhbəri Fariz Əliyev ona bildirib ki, həftədə 2 dəfə 15 dəqiqə olmaqla yalnız evinə zəng vura bilər. Eyni halda Mayıl hər zəngi üçün ərizə yazmalı, rəisdən buna görə icazə almalıdır.” 

Aylardır bu formada evinə zəng vuran Mayıl Kərimov ötən həftə müəssisə rəhbəri Fariz Əliyevin qəbulunda olub və süni maneənin aradan qaldırılmasını rəhbərlikdən istəyib. F. Əliyev isə onu sərt formada tənqid edərək bu qadağanın haçana qədər davam etməsinə özü qərar verəcəyni bildirərək Mayıla təzyiq göstərib.
“Fariz Əliyev həyat yoldaşıma bildirib ki, o, nə qədər ki, bu həbsxanadadır onun müəyyən etdiyi qaydalarla da razılaşmalıdır. Əks halda onu karser və orada möhkəm “çırpılmaq” gözləyir. Bununla da “ağıllanmasa” krıta (ciddi qapalı rejim) üçün sənədlərini hazırlayıb onu Umbakıya göndərəcək”.
Mayıl Kərimovun isə son sözü  belə davam edəcəyi halda telefon danışıqlarından imtina etməsi olub və o gündən Kərimov telefon əlaqəsinə çıxmayıb. 

Ailəsi müəssisə rəhbəri Fariz Əliyevin zatən məhrumiyyətdə olan məhbus həyatını cəhənnəmə çevirməkdə günahlandıraraq bu özbaşnalığa son verilməsini istəyir. Aylardır sürən süni maneə heç bir əsas olmadan inanclı məhbusu məhrumiyyətlərlə üz-üzə qoyur. Bu isə Mayıl Kərimovla yanaşı ailəsinin də haqlı narahatlıq səbəbidir.
Həbsxana rəhbərləri ilə problemlər artıq az qala hər gün mətbuat tərəfindən işıqlandırılır. Təəssüf ki, bunun fonunda çoxsaylı etirazların yer aldığı Penitensiar Xidmətin özbaşnalıqları azalmaq əvəzinə artmaqda davam edir.