İrandan Fələstində referendum çağırışı

Fələstində xalqın öz müqəddəratını təyin etməsi üçün müsəlman, xristian və yəhudilərin iştirak edəcəyi referendum keçirilməlidir. Bu barədə İran Xarici İşlər Nazirliyi Fələstində "Nəkbə"nin (böyük fəlakət) 71-ci il dönümü ilə əlaqədar yazılı bəyanatla çıxış edib.

Bəyanatda qeyd edilir ki, BMT başda olmaqla, beynəlxalq ictimaiyyət Fələstin torpaqları və Qüdsün İsrail işğalından azad edilməsi, Fələstin xalqına öz müqəddəratını təyin etmə haqqının tanınması və paytaxtı Qüds olan müstəqil bir Fələstin hökumətinin yaradılması mövzusunda məsulliyyət daşıyır: "İsrail beynəlxalq sülh və təhlükəsizlik üçün real təhdidə çevrilib. Beynəlxalq ictimaiyyət İsrail işğalına qarşı qərarlı addımlar atmalıdır. Müsəlman, xristian və yəhudilər daxil olmaqla, bütün yerli sakinlərin iştirak edəcəyi referendum üçün lazım olan şərtlər təmin edilməlidir".

Bəyanatda həmçinin "Böyük Fəlakət" olaraq adlandırılan 14 may 1948-ci ildən bu yana Fələstin torpaqlarında sülh və sabitliyin olmadığı vurğulanıb: "Nəkbə günündə işğal altındakı Fələstin torpaqlarıda döyüş, cinayət və işğalla varlığını davam etdirən sionist rejim adlı qeyri-qanuni bir varlıq doğuldu. Bütün regional böhranların səbəbi olan bu rejim, bu gün beynəlxalq sülh və təhlükəsizlik üçün real təhdiddir".