İlqar Məmmədov bu həftə əfv oluna bilər - deputatdan açıqlama

Mayın 28-dək Respublikaçı Alternativ Hərəkatının (REAL) həbsdə olan lideri İlqar Məmmədov əfv oluna bilər.

Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə “Ölkə.Az”a açıqlamasında deyib ki, İlqar Məmmədov mübahisəli məhbusdur:

“Onlarla bağlı Azərbaycan hökuməti ilə Avropa qurumları arasında müəyyən təklif və tövsiyələr gedir. Ancaq mən hər zaman demişəm ki, nə qədər Avropa İttifaqı və Avropa Şurası bu şəxslərin əfvini yüksək tonla Azərbaycandan tələb edəcəksə, bu mümkün olmayacaq. 

Amma müəyyən xahişləri hər zaman cənab prezident nəzərə alır. Ümid edirəm ki, cənab prezident hər zaman humansit olduğu kimi, bu dəfə də həmin mübahisəli məhbusların azad olunmasına şərait yaradacaq. Bu ona görə lazımdır ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıq prosesini sürətləndirib. Biz istəmirik ki, hər hansı məhbusa görə Avropa İttifaqı ilə Azərbaycan arasında fikir ayrılığı olsun. Bu baxımdan hesab edirəm ki, cənab prezident bütün bunların hamısını dəyərləndirir və lazımı qərarlar qəbul edəcəyi gözlənilir”.   

Deputat əfv fərmanını ən çox arzu edən şəxslərdən biri olduğunu söyləyib:

“Prezident yanında Əfv Komissiyasının iclası artıq yekunlaşıb. Ümid edirik ki, yaxın günlərdə cənab prezident növbəti dəfə əfv fərmanı imzalayacaq. 

Hesab edirəm ki, bu dəfəki ümidlər daha çox özünü doğruldacaq. Çünki qarşıdan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi gəlir. Bununla bağlı Amnsitiya aktının qəbul edilməsi barədə də müxtəlif fikirlər səsləndirilib. Əgər Amnistiya aktı qəbul edilmədirsə, o zaman əfv fərmanı veriləcək. Bu dəfə əfv fərmanına düşən insanların sayı isə əvvəlki illərdəkindən dəfələrlə çox olacaq. Hətta, əfv olunacaq şəxslər arasında ömürlük cəza almış məhkumların da olması ehtimalı var. Biz böyük ümidlə ölkə başçısının yaxın günlərdə verəcəyi bu fərmanı gözləyirik”.