Gözəl Bayramlı “əfv”dən imtina etdi, işgəncəyə məruz qaldı

AXCP sədrinin müavini Gözəl Bayramlı Gəncə İstintaq təcridxanasından Bakıya köçürülüb. O artıq qadın məhbusların saxlandığı 4 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib. 11 aylıq həbs müddətindən sonra bu gün ilk dəfə ona ailəsi ilə görüş verilib. Həbsxanada qardaşı ilə görüşən Gözəl xanım bildirib ki, Gəncədən onu birbaşa Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasına gətiriblər. Orada G.Bayramlını qəbul edən Təcridxana rəisi siyasətçi xanıma əfv ərizəsi yazmağı təklif edib. O, əfv ərizəsi yazacağı halda onun azadlığa çıxacağı,hətta istəyinə görə Gömrük Nazirliyində və ya Ədliyyə Nazirliyində işə götürülə biləcəyini bildirib. Söhbət uğursuzluqla bitdikdən və rəisin təklifi rədd olunduqdan sonra Gözəl xanımı cəzalandırıblar. O, 10 saat müddətində Kürdəxanıda soyuq yerdə ac-susuz saxlandıqdan sonra 4 saylı cəzaçəkmə müəssisəsinə göndərilib.
G. Bayramlı qardaşı vasitəsi ilə hamıya salamlarını göndərib. O, mübarizə əzminin möhkəm olduğunu, heç bir təzyiqin onu yolundan döndərə bilməyəcəyini deyb. Gözəl xanım eyni zamanda AXCP sədri Əli Kərimliyə doğum günü münasibəti ilə təbriklərini çatdırmağı xahiş edib.
Azadliq.info