Bəxtiyar Hacıyevə qarşı ittiham sərtləşdirilib

Operativtv.com Turana istinadən xəbər verir ki, yanvarın 13-də Bakı Şəhər Baş Polis İdarəsi həbsdə olan fəal Bəxtiyar Hacıyevə qarşı ittihamı sərtləşdirib. Belə ki, Cinayət Məcəlləsinin 221.1.1-ci (xuliqanlıq) maddəsi 221.2.2-ci (ictimai asayişin mühafizəsi üzrə vəzifələrini yerinə yetirən hakimiyyət orqanı nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq) maddəsilə əvəz edilib. Hacıyev həmçinin Cinayət Məcəlləsinin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsilə ittiham olunub.

Yeni ittihamla fəalı 3 ilədək həbs cəzası gözləyir. Bu barədə cümə günü Turan-a vəkil Rövşanə Rəhimli 1 saylı təcridxanada Hacıyevə baş çəkdikdən sonra Turan-a  bildirib.  Onun sözlərinə görə, Hacıyev yeni ittihamı siyasi sifariş kimi qiymətləndirir.

“Bu ittiham hətta biz hüquqşünaslar üçün gözlənilməz oldu. Bəxtiyar Hacıyev ittihamı qəbul etmir və bunu siyasi sifariş hesab edir”, - vəkil deyib. O qeyd edib ki,  fəal aclığı davam etdirir.

"Onun səhhətində ciddi problemlər var. Çox arıqlayıb, nəbzi dəqiqədə 56 dəfə vurur. Bədəninin hərarəti 35,8 dərəcədir. Çox zəifləyib, soyuqdəyməsi var", - Rəhimli deyib.

“Müdafiə xətti” hüquq- müdafiə təşkilatı Bəxtiyar Hacıyevə qarşı ittihamın sərtləşdirilməsini pisləyib. “Biz təəssüf edirik ki, repressiyaların miqyası artır. “Müdafiə xətti” hesab edir ki, Bəxtiyar Hacıyev siyasi hakimiyyətin nifrətinin qurbanıdır”, - təşkilatın icraçı direktoru Rüfət Səfərov bildirib.