AP-də iki deputatın toxunulmazlığının götürülməsi prosesinə başlanılıb

Avropa Parlamentinin sədri Roberta Metsola Qətərlə bağlı korrupsiya araşdırması aparan Belçika hakimiyyətinin tələbi ilə iki deputatın toxunulmazlığının ləğvi üçün təcili hüquqi prosesə başlayıb. AP-dən verilən açıqlamada Metsolanın bu tələbi yanvarın 16-da keçiriləcək AP Baş Assambleyasında açıqlayacağı bildirilib. Bəyanatda hansı parlamentarilərin toxunulmazlıqlarını ləğv etmək üçün Belçika hakimiyyətinə müraciət etdiyi dəqiqləşdirilməyib.

Məsələ ilə tanış olan mənbələr iki AP üzvünün italyan Andrea Kozzolino və belçikalı Mark Tarabella olduğunu və hər ikisinin Sosial Demokratlar qrupuna aid olduğunu bildirib. İtaliyanın “La Repubblica” qəzeti də Belçika məhkəmə orqanlarının istintaqda adları hallanan italyan parlamentari Andrea Kozzolino və belçikalı Mark Tarabellanın toxunulmazlıqlarının ləğvini tələb edəcəyini yazıb. Komitə məruzəçi təyin edəcək və müraciətlər əsasında iclas keçirilə bilər. Məruzəçi tərəfindən hazırlanacaq hesabat layihəsi komitədə müzakirə edilərək səsə qoyulacaq. Hesabatda nəzərdə tutulan tövsiyə AP Baş Assambleyasına göndəriləcək. Qərar Baş Assambleyada keçiriləcək səsvermədə yekunlaşacaq.APA-nın bütün proseduru fevralın 13-dək tamamlaması gözlənilir.

Belçika səlahiyyətliləri tərəfindən aparılan korrupsiya, rüşvətxorluq və çirkli pulların yuyulması istintaqı çərçivəsində dekabr ayında bir çox məntəqələrdə axtarışlar aparılıb, 1,5 milyon avro nağd pul ələ keçirilib və 4 nəfər saxlanılıb. Saxlanılanlar vitse-prezidentlik səlahiyyətlərinə xitam verilən Yunanıstan parlamentinin deputatı Eva Kaili, keçmiş italiyalı deputat Pier Antonio Panzeri, Kaylinin ortağı və Avropa Parlamentinin köməkçisi Françesko Giorgi və qanunun aliliyi ilə məşğul olan qeyri-hökumət təşkilatının direktoru Nikolo Fiqadır. Giorginin ifadəsində iki Avropa Parlamentinin üzvü Andrea Kozzolino və Mark Tarabellanın Panzeridən pul aldığını dediyi iddia edilib. Tarabellanın Belçikadakı evində də axtarış aparılıb. Axtarış Belçika qanunlarına uyğun olaraq AP prezidenti Metsolanın nəzarəti altında aparılıb.

İctimaiyyətdə 'lobbi qalmaqalı' olaraq xarakterizə edilən hadisədə sözügedən şəxslərin AP-nin iqtisadi və siyasi qərarlarına təsir etmək üçün Körfəz ölkəsi Qətərdən rüşvət aldıqları iddia edilib. Mövzu ilə bağlı xəbərlərdə adı keçən Qətər isə iddiaları təkzib edib. Daha sonra xəbərlərdə Mərakeşin də bu şəxslərə rüşvət verdiyi iddia edilib və Mərakeş kəşfiyyatı və Mərakeşin Polşa səfiri Abderrahim Atmunun şübhəlilərlə görüşdüyü iddia edilib.