26 min mənzilin puluna tikilən bircə bina və ya analoqsuz acgözlük

Norveç Neft Fondunun vəsaiti 1.4 trilyon dollardır. Dünyanın 70 ölkəsinin 9228 qabaqcıl şirkətinin hissələrinin sahibidir. Şəkildəki ikinci binada - 3 mərtəbəli binada yerləşir. Şəkildəki birinci bina isə Azərbaycanın Mərkəzi Bankı üçün tikilməkdə olan 32 mərtəbəli və 160 metr hündürlükdə olan binadır. Binanın tikintisi 450 milyon manata planlaşdırılmışdı. Ancaq sonradan bu rəqəmi də az hesab ediblər. Binanın tikintisinə artıq 637 milyon manat xərclənib. Ancaq məlumat var ki, binanın tikintisinə 770 milyon manat pul ayrılıb.
Azərbaycan Mərkəzi Bankın 1998-ci ildə 50 milyon dollara tikilmiş hazırkı (hökumətin bəyənmədiyi) binasını da ümid edirəm ki, hamınız tanıyırsız, ancaq yenə də hər ehtimala qarşı Mərkəzi Bankın hazırkı binasının şəklini də şərh bölümünə yerləşdirirəm.
Məlumat üçün deyim ki, Rusiyanın Mərkəzi Bank binası 2 mərtəbəli, Ukraynanın Mərkəzi Bank binası 4 mərtəbəli, Belarusun Mərkəzi Bankı 5 mərtəbəli, Azərbaycandakı mütəşəkkil cinayətkar dəstənin Azərbaycandan oğurladığı kapitalı yerləşdirdiyi İsveçrə Mərkəzi Bankının binası isə 4 mərtəbəlidir.
Rejimin korrupsiyası və israfının miqyasını bilmək üçün belə bir məlumatı da sizin nəzərinizə çatdırıram. Qarabağın bərpa planına görə, orada tikiləcək yeni binalarda mənzillərin hər kvadrat metri 350 manata başa gələcək. Şübhəsiz ki, bu rəqəmdə də şişirtmə var, ancaq biz bu rəsmi rəqəmə istinad edək. Beləliklə, hökumət rəsmən etiraf edir ki, məsələn, 85 kvadrat metrlik bir mənzil 29 min 750 manata başa gəlir. İndi biz rejimin Mərkəzi Bankın yeni binası üçün "xərclədiyi" 770 milyon manatı bölürük bir mənzilin tikinti qiymətinə (29750 manata), alırıq 25, 882.
Yəni rejim təkcə bir binanın - Mərkəzi Bankın yeni binasının tikintisinə 25 min 882 hər biri 85 kvadrat metrlik mənzilin tikintisinə kifayət edəcək qədər pul xərcləyəcək və ya siləcək.
Bank kreditlərinə soyğunçu faiz ödəməkdən Azərbaycan vətəndaşlarının beli bükülüb. Milyonlarla valideynin dərdi - səri hökumətin uşaq pulu vermədiyi övladlarını necə yedizdirmək, geyindirmək, müalicə etdirmək, onlara babat təhsil verə bilməkdir. Milyonlarla işsiz özünü və ailəsini Allah ümidinə, bir gün ac, bir gün tox, çox çətinliklə dolandırır. Bu ölkənin qaziləri çarəsizlikdən kütləvi şəkildə intihar edir, 100 min nəfərdən artıq müharibə veteranına cəmi 80 manat müavinət verilir. 100 minlərlə yaşlı insan pensiyadan, fiziki qüsurlu soydaşlarımız isə əlillik müavinətindən məhrum edilir. 100 minlərlə ailə evsiz - eşiksiz, kirayələrdə qocalır, 100 minlərlə gənc işsizlikdən, çarəsizlikdən ölkəni tərk etmək üçün yol axtarır. Və belə bir ölkənin hakimiyyəti utanmadan nəhəng korrupsiya və israf layihələrilə məşğul olur. Təkcə bir binaya 25 min 882 mənzilin pulunu xərcləyir. Sonra da əzib sındırdığı insanlara özlərini tərif etdirirlər. Süni intellekt əsrində belə bir acgöz və orta əsr təfəkkürlü hakimiyyət tərəfindən idarə olunuruq.
 
 
Əli Kərimli
AXCP sədri