Türkiyənin qəzaya uğrayan hərbi yük təyyarəsində 20 hərbçi olub

Türkiyə Müdafiə Nazirliyi Azərbaycandan Türkiyəyə qayıdan hərbi yük təyyarəsinin Gürcüstan ərazisində, sərhəd yaxınlığında qəzaya uğradığını açıqlayıb. Nazirlik təyyarədə 20 hərbçinin olduğunu bildirib.

Noyabrın 11-də qəzaya uğrayan təyyarə C-130 tipli olub. Gürcüstan Daxili İşlər Nazirliyi də hadisəni təsdiqləyib, Gürcüstan-Azərbaycan sərhədinin təxminən 5 kilometrliyində baş verdiyini bildirib.

"Azərbaycan ərazisindən havaya qalxaraq ölkəmizə qayıdan C-130 tipli hərbi yük təyyarəmiz Gürcüstan–Azərbaycan sərhədində qəzaya uğrayıb", – Türkiyə Müdafiə Nazirliyinin bəyanatında deyilir. Nazirlik hadisə yerində axtarış-xilasetmə əməliyyatları aparıldığını əlavə edib.

Sosial mediada yayılmış bir neçə qısa videonun həqiqiliyini AzadlıqRadiosu da təsdiqlədib. Videolardan birində təyyarənin gövdəsinin və hissələrinin ayrı-ayrılıqda yerə düşdüyü görünür.

Pilotun təyyarədən katapultla çıxa bildiyi iddiaları, hələlik, təsdiqlənməyib.

Azərbaycan prezidenti İlham Əliyev təyyarə qəzası ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. “Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı”, – Əliyev bildirib.