“Məqsəd hansısa məmurun və ya keçmiş məmurun şirkətinə pul qazandırmaqdır”

Dövlət məktəblərində müəllimlər üçün dress-kodun hüquqi əsasını yaradan qanun qəbul edilib. Müəllimlər isə deyirlər ki, geyimdən əvvəl maaş, məktəblərin şəraiti və təhsildəki digər sistemli problemlər həll olunmalıdır.

“Əgər Azərbaycan hökuməti təhsilin keyfiyyətinin yüksəlməsini istəyirsə, birinci növbədə dərsliklərin keyfiyyətini, məktəblərdəki istilik təminatını, sinif otaqlarının təchizatını nəzərə almalıdır. Hələ indiyə qədər bizim rayonumuzda elə məktəblər var ki, orada ümumiyyətlə heç bir istilik sistemindən, elektrikdən, qazdan, yanacaqdan söz gedə bilməz. O şəraitdə işləyən müəllimlər 5-6 saat müddətində həmin binanın daxilində nə qədər komfortlu ola bilər, nə qədər rahat ola bilər o kostyumlarda?”

Bunu Meydan TV-yə adının açıqlanmasını istəməyən Neftçala rayonunda çalışan orta məktəb müəlliməsi deyir. Onun fikrincə, müəllimlər üçün vahid geyim qaydası təhsildə mövcud olan əsas problemləri arxa plana keçirir. Müəllim hesab edir ki, dövlət ilk növbədə məktəblərin fiziki şəraiti, müəllimlərin əməkhaqqı və iş yükü kimi məsələləri həll etməlidir.

Neftçalada çalışan müəllimə deyir ki, qanunda konkret forma müəyyən edilməsə də, artıq bəzi media resurslarında müəyyən kostyum nümunələri müəllim geyimi kimi təqdim edilir.

“Qaydalar yazılıb, amma orada geyimin konkret necə olacağı haqqında heç bir məlumat yoxdur. Sadəcə məhdudiyyətlər göstərilib. Amma xəbər portalları, hökumətin trol saytları artıq hansısa bir şirkətin tikdiyi kostyumları müəllimlərə sırımaqdan ötrü kampaniya aparırlar. Hamısı eyni kostyumu təqdim etməyə çalışır”.

Təhsil eksperti Məzahir Məmmədli yeni qəbul edilən qanunla bağlı açıqlamasında qeyd edib ki, vahid forma müəllimlərin vaxtına qənaət etməsinə, onların nüfuzunu qorumasına, habelə şagirdlərlə münasibətinə xidmət edir.

Meydan TV-yə danışan müəllimə isə ekspertin bu fikri ilə razılaşmır və müəllimlərin onsuz da məktəbə klassik və səliqəli geyimdə gəldiyini deyir.

“Heç bir kostyum ütüsüz geyinilmir. Bizə sırıdıqları kostyumu da yenə ütüləyəcəyik. Bu idman geyimi deyil ki, vaxta qənaət olunsun. Məqsəd hansısa məmurun və ya keçmiş məmurun şirkətinə pul qazandırmaqdır”.