Tbilisidə “xarici təsirin şəffaflığı” adlı qanunun qəbuluna qarşı böyük etiraz yürüşü olub

Aprelin 9-da Tbilisidə on minədək insan yürüş keçirərək hakim “Gürcü arzusu” partiyasının təşəbbüsü ilə təklif edilmiş “xarici təsirin şəffaflığı” adlı qanunun qəbulu planlarına etiraz bildirib.

Qanunun əleyhdarları deyirlər ki, bir neçə il əvvəl Rusiyada qəbul edilmiş “xarici agent” qanunu son nəticədə repressiyalara, media azadlığının məhdudlaşdırılmasına və vətəndaş cəmiyyəti nümayəndələrinin ləkələnməsinə və damğalanmasına gətirib çıxarıb.

Gürcüstan parlamentinin deputatı, Ukrayna milli polisinin keçmiş rəisi Xatiya Dekanoidze bəyan edib ki, “Gürcü arzusu” partiyası qərbyönlü ritorikasına baxmayaraq Rusiyada olduğu kimi “antidemokratik rejiminin bərqərar olunması məqsədilə eyni planları həyata keçirir".

"Azadlıq yürüşü” adlandırılan bu aksiya Tbilisidəki Azadlıq meydanından başlayıb. Bundan sonra minlərlə vətəndaş cəmiyyəti və müxalifət fəalı “Avropaya – hə! Rusiya qanununa – yox!” şüarı ilə Rustavi prospektindən keçib.

Yürüş parlamentin binası qarşısında, 1989-cu ilin 9 aprelində Gürcüstanın ən yeni tarixində dönüş nöqtəsi sayılan hadisələrin cərəyan etdiyi yerdə başa çatıb.

1989-cu ildə müstəqillik tərəfdarları və Tbilisiyə yeridilmiş sovet qoşunları arasında toqquşmalarda 20-dən çox etirazçı həlak olmuşdu. “Azadlıq marşı” Gürcüstanın və Avropa İttifaqının himnləri ilə başa çatıb.

 

Xatırlatma

Mahiyyət etibarilə Rusiyanın bədnam xarici agent qanununa bənzəyən bu qanunvericilik aktının layihəsi 2023-cü ilin yazında hakim “Gürcü arzusu” partiyasının dəstəyi ilə parlamentə təqdim olunmuşdu.

İctimaiyyətin geniş kütlələri və Avropa təsisatları bu təşəbbüsə sərt tənqidi münasibət ifadə etmişdilər.

Etirazlarda vurğulanırdı ki, layihə vətəndaş cəmiyyətinə, ölkənin Qərbə inteqrasiyasına qarşı yönəlib.

Gürcüstanda bir neçə gün davam edən küçə etirazları və toqquşmalardan sonra hakimiyyət qanun layihəsini geri götürməli olmuşdu.

 

 

AzadlıqRadiosu