Siyasi məhbus ruhani Şeyx Sərdar Hacıhəsənli yenidən Umbakıya köçürülüb

İlahiyyatçı Şeyx Sərdar Hacıhəsənli yenidən Umbakı qəsəbəsində yerləşən ciddi rejimli qapalı tipli cəzaçəkmə müəssisəsinə köçürülüb. O, növbəti 1 ilini ciddi qapalı rejimdə keçirməli olacaq. Ruhani 12 saylı cəzaçəkmə müəssisəsindən geri qaytarılaraq Umbakıya aparılıb.
Şeyx Sərdar Hacıhəsənli həbs olunduğu gündən etibarən qapalı şəraitdə saxlanılıb və vaxtaşırı müxtəlif bəhanələrlə karserə salınıb. Bu cür cəzaların nəticəsi olaraq, 4 mart 2024-cü ildə onun barəsində 1 il müddətinə ciddi qapalı rejimdə saxlanılma qərarı qəbul edilib və Şeyx Umbakıya köçürülüb.
Bir illik cəza müddəti başa çatdıqdan sonra ruhani 1 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Lakin həmin müəssisədə də ona eyni məhdudiyyətlər tətbiq edilib. Açıq rejimə buraxılmayan ruhani əvvəlcə karantin otağından karserə salınıb. Daha sonra, 7 avqust 2025-ci ildə daxili məhkəmənin qərarı ilə 6 ay müddətinə yenidən ciddi qapalı tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi barədə qərar qəbul edilib. Bu, Şeyx Sərdarın ikinci dəfə Umbakıya köçürülməsi olub.
2026-cı ilin fevralında burada cəzasını başa vurduqdan sonra o, 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Lakin vəziyyət dəyişməyib. Müəssisə rəhbərliyi onu burada da ümumi rejimə buraxmayıb. Karantin müddəti başa çatan kimi ilahiyyatçı yenidən karserə salınıb. Ardıcıl karser cəzalarından və kamera tipli otaqda (PKT) saxlanıldıqdan sonra o, növbəti dəfə məhkəmə qarşısına çıxarılıb.
Məhkəmə Şeyx Sərdar barəsində daxili qaydaları "dəfələrlə pozması" iddiası ilə onu 1 il müddətinə ciddi qapalı rejimli cəzaçəkmə müəssisəsinə köçürmək barədə qərar qəbul edib. Beləliklə, Şeyx Sərdar üçüncü dəfə Umbakı ciddi qapalı rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb.
Xatırladaq ki, ruhani Şeyx Sərdar Hacıhəsənli 19 oktyabr 2021-ci ildə İranla Azərbaycan arasında gərginləşən münasibətlər fonunda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib.
İki ildən artıq müddətdə DTX-nın istintaq təcridxanasında saxlanılan Şeyx Sərdar həbsinin İranla Azərbaycan arasında yaranmış gərginliklə bağlı olduğunu bildirib. O, özünü təqsirli bilmədiyini, ittihamları qəti şəkildə rədd etdiyini və ifadə verməkdən imtina etdiyini bəyan edib.
2023-cü il sentyabrın 28-də Şeyx Sərdar Hacıhəsənliyə hökm oxunub və o, 17 il müddətinə azadlıqdan məhrum edilib.