Siyasi fəal: “Emin Ağalarov və “Sea Breeze” haqda TikTok-da çıxışlarıma görə həbs olunmuşam”

Siyasi fəal Rahim Musa iyulun 15-də saxlanılıb. Ona qarşı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittiham irəli sürülüb və məhkəmə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Bu barədə “Abzas Media”ya danışan Rahim Musa ittihamı qəbul etmir. O, həbsini TikTok-dakı siyasi çıxışları, xüsusilə Prezident İlham Əliyevin keçmiş kürəkəni, biznesmen Emin Ağalarov və onun “Sea Breeze” layihəsi ilə bağlı tənqidi paylaşımları ilə əlaqələndirir.

Fəalın sözlərinə görə, İmişli Rayon Polis İdarəsinin əməkdaşları da saxlanıldığı gün ona TikTok-dakı çıxışlarına görə həbs ediləcəyini deyiblər. O ehtimal edir ki, son bir ayda “Sea Breeze” layihəsi ilə bağlı yayımladığı videolar həbsinə səbəb olub.

“Bu ölkədə azad fikri ifadə etmək olduqca təhlükəlidir. Mən əsasən son bir ayda “Sea Breeze”lə bağlı çıxışlar etmişəm. Emin Ağalarovun mətbuata verdiyi müsahibəyə istinadən demişəm ki, o, 600 ev satışa çıxardığını, bunun 400-nü İsrail vətəndaşlarına satdığını bildirib”, – Rahim Musa “Abzas Media”ya deyib.

O bildirir ki, saxlanılarkən telefonu da götürülüb və daha sonra həmin videolar TikTok hesabından silinib.

Rahim Musanın sözlərinə görə, iyulun 15-də saat 11 radələrində polis əməkdaşları onu evinin qarşısından saxlayaraq şöbəyə aparıblar.

O iddia edir ki, şöbədə qarşısına narkotik vasitə olduğu deyilən bükümlər qoyulub və onlardan birini üzərinə götürməsi tələb edilib.

“Əvvəl balaca bir büküm qoydular. Dedilər, “bunlardan birini götürməlisən. Bu, Prezident Aparatının göstərişidir. Onsuz da istəsən də, istəməsən də, həbs olunacaqsan. Sən TikTok-dakı çıxışlarına görə həbs ediləcəksən. Artıq ağ eləmisən””, - Rahim Musa bildirib.

Onun sözlərinə görə, daha sonra qarşısına skoçla sarınmış daha böyük büküm qoyulub və kiçik bükümü qəbul etməsə, daha ağır cəza ilə üzləşəcəyi deyilib.

Rahim Musa bildirir ki, bükümlərin heç birini qəbul etməyib və sənədlərə imza atmaqdan imtina edib.

Onun iddiasına görə, bundan sonra polis əməkdaşları onu yenidən maşına mindirərək evinə aparıblar. Fəal deyir ki, kiçik büküm evə atılıb, daha sonra polis əməkdaşları onu aşkarladıqlarını bildiriblər.

“Dedilər, “gəl, çəkilişində iştirak elə”. Dedim, mənə aid olmayan bir şeydə iştirak etmirəm. Necə bilirsiniz, elə də edin”, - o bildirib.

Rahim Musa həmçinin deyir ki, evindən tapıldığı bildirilən bükümdə onun əl-barmaq izləri yoxdur. Onun iddiasına görə, əməliyyat zamanı çəkilən videodan etiraz etdiyi hissələr də çıxarılıb.

“Orada olsa-olsa, üç əməliyyatçının əl-barmaq izləri ola bilər. Əməliyyat zamanı lentə alınan videodan mənim etirazlarım olan bütün hissələri kəsib çıxarıblar. Vəkilim olmadığına görə bunun araşdırılmasına nail ola bilmirəm”, - Rahim Musa deyib.

Rahim Musanın sözlərinə görə, ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Maddə satış məqsədi olmadan külli miqdarda narkotik vasitə və ya psixotrop maddəni qanunsuz əldə etmə, saxlama, hazırlama, emal etmə və ya daşımanı nəzərdə tutur.

İmişli Rayon Məhkəməsi iyulun 16-da onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Maddə üzrə 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Rahim Musa ittihamı siyasi sifariş hesab etdiyini və ifadə verməkdən imtina etdiyini deyir.

“Mən ifadə verməkdən imtina etmişəm. Sənədlərə də imza əvəzinə “siyasi sifarişdir” yazıram. Bunu mənə Qəhrəman adlı əməliyyat rəisi özü şəxsən deyib”, - o bildirib.

Rahim Musa hazırda Lənkəran Penitensiar Kompleksinin təcridxanasında saxlanılır.

Siyasi fəalın iddiaları ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ilə müraciət etsək də, məqalə dərc edilənədək suallarımıza cavab almaq mümkün olmayıb

Keçmiş AXCP üzvü olan Musa bundan əvvəl də bir neçə dəfə həbs edilib. O, 2003-cü ildə 15 oktyabr hadisələri ilə bağlı həbs olunub və 4 il şərti cəza alıb.

2007-ci ildə yenidən həbs edilərək 5 il azadlıqdan məhrum olunub. Rahim Musa həmin vaxt evinin damında hökumət əleyhinə şüar yazdığına görə cəzalandırıldığını bildirib.

2013-cü ildə isə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi - xuliqanlıq ittihamı ilə 4 il 6 ay azadlıqdan məhrum edilib.