Seyfəddin Şirvanov aclıq aksiyasına başlayıb

Siyasi məhbus Seyfəddin Şirvanov aclıq aksiyasına başlayıb. Bu barədə məhbusun ailəsi məlumat verib.

İnanclı Seyfəddin Şirvanov uzun illərdir 15 saylı cəzaçəkmə müəssisəsində həbs həyatı yaşayır. O, ciddi hipertoniyadan, zob xəstəliyindən və başında dözülməz ağrılara səbəb olan şişdən əziyyət çəkir. Həbsdə olduğu müddətdə açıq infarkt keçirən Seyfəddinin ürəyinə stent qoyulub.

Bundan sonra həbsxana rəhbərliyi onun səhhətini ciddi risk altında qiymətləndirərək inanclını müəssisənin tibbi bölməsinə yerləşdirib.
Bütün bunlara baxmayaraq, 2024-cü il noyabrın 11-də yüksək təzyiq onun növbəti dəfə infarkt keçirməsi riskini artırıb. Təcili olaraq Penitensiar Xidmətin Müalicə Mərkəzinə köçürülən S. Şirvanov həkim nəzarətinə götürülüb. Eyni gərginliyi 2025-ci ildə də yaşayan məhbus cəzaçəkmə müəssisəsinin tibbi məntəqəsində daim nəzarətdə saxlanılıb.
Son günlər müəssisənin tibb məntəqəsində rəhbərliyin dəyişdirilməsi inanclı da daxil olmaqla bir neçə məhbusun məntəqədən uzaqlaşdırılmasına səbəb olub. Bildirilir ki, tibbi məntəqələrdə yerlərin aylıq ödənişləri yeni qazanc mənbəyi kimi baş həkimlərin diqqətindədir. Məhz Seyfəddin kimi məhbusların buradan uzaqlaşdırılmasının səbəbləri sırasında, heç şübhəsiz, maddi maraqların da olduğu iddia edilir.
İnanclı tibbi məntəqədə həkim nəzarətində belə ağır vəziyyətdə olduğu halda oradan uzaqlaşdırılmasının onun həyatı üçün ciddi təhlükə yaradacağını bildirərək baş həkimə etirazını çatdırsa da, onun sözlərinə məhəl qoyulmayıb.
“Məni əziyyətli ölümə məhkum edib öldürməkdənsə, bu ölümü öz etirazımla sürətləndirməyi daha məqbul bilirəm”, – deyən inanclı avqustun 13-dən aclıq aksiyasına başlayıb.
O, bu addımı ilə baş həkimin ona qarşı münasibətinə etiraz edir və məsələnin aidiyyəti üzrə yuxarı instansiyalara çatdırılacağına ümid edir.
Həbsxana rəhbərliyi isə belə ağır vəziyyətdə olan məhbusu karserə salıb. Ailə məsələ ilə bağlı Ombudsmana müraciət edərək problemin həllinə kömək göstərilməsini istəyib. Onlar həmçinin bildiriblər ki, S. Şirvanovun səhhətində hər hansı ciddi gərginlik yaranarsa, buna görə həbsxana rəhbərliyi məsuliyyət daşıyacaq.
Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatı İdarə Heyətinin üzvü Seyfəddin Şirvanov 2015-ci il Nardaran hadisələrindən sonra baş verən kütləvi həbslər zamanı saxlanılıb. 2017-ci ilin dekabrında o, 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.