Putin və Əliyev siyasət, iqtisadiyyat və Qarabağ məsələlərini müzakirə ediblər

Sentyabrın 1-də günorta saatlarında Rusiya və Azərbaycan prezidentlərinin görüşü başlayıb. Kremlin mətbuat xidmətinin məlumatına görə, İlham Əliyevi salamlayan Vladimir Putin deyib ki, iki ölkənin qarşılıqlı əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır.

"Ötən il ticarət dövriyyəsinin artışı 34% təşkil edib, bu ilin birinci yarısında isə mülki təyinatlı məhsul satışının həcmi 20% artıb.

Təbii ki, bizim həmişə müzakirə edəcək mövzularımız var və şadam ki, dəvətimizi qəbul etdiniz və bu gün Rusiyaya gəldiniz", deyə Putin bildirib.

Cavabda İlham Əliyev deyib ki, iki liderin görüşləri ikitərəfli münasibətlərə dinamizm bəşx edir.

"Biz də bütün sahələrdə əlaqələrimizin inkişaf səviyyəsindən məmnunuq. Münasibətlər mükəmməl şəkildə, çox effektiv inkişaf edir.Siyasi dialoq fəaldır. Ticarət dövriyyəsinin artdığını qeyd etdiniz, bu, həm də ölkələrimizin iqtisadiyyatlarında müsbət təmayülləri, həm də iqtisadi əməkdaşlıq üçün böyük potensial olduğunu göstərir. Əminəm ki, ticarət dövriyyəsi qarşıdaki illərdə də artacaq.

Biz energetika sahəsində, nəqliyyat sahəsində əməkdaşlıq edirik.

Əlbəttə, bu gün biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələləri, regional məsələləri müzakirə edəcəyik.

Odur ki, gündəlik kifayət qədər genişdir. Əminəm ki, bugünki görüşümüz münasibətlərimizə əlavə təkan verəcək", deyə Əliyev bildirib. 

Turan