Putin illik mətbuat konfransı keçirib

Rusiya Prezidenti Vladimir Putin dekabrın 20-də illik mətbuat konfransı keçirib.
 
O, televiziyayla canlı yayımlanan tədbirdə bildirib ki, Rusiya ilə Qərb arasında artan gərginlikdə sağlam məntiq üstün gələcək.
 
Putin qeyd edib ki, nüvə müharibəsi "bütövlükdə sivilizasiyanın məhvinə” aparar. O, son bir neçə ayda artıq ikinci dəfədir belə bir fəlakətlə bağlı xəbərdarlıq edir.
Dövlət televiziyası jurnalistinin sualını cavablandıran Putin bu riskin "əhəmiyyətini azaltmaq tendensiyası”nın təhlükəli olduğunu söyləyib.
 
Putinin sözlərinə görə, Birləşmiş Ştatların 2002-ci ildə Ballistik Raketlərə qarşı Sazişdən çıxması Moskva və Vaşinqton arasında "strateji balans”a zərbə vurub, üstəlik, ABŞ-ın Ortamənzilli Raket Sazişindən çıxmaq planı bu istiqamətdə "daha bir addım”dır. O söyləyib ki, Birləşmiş Ştatlar və Rusiyanın uzaqmənzilli nüvə silahlarına dair "Yeni START” sazişi üzrə danışıqlar aparmaması pisdir. Bu sazişin müddəti 2021-ci ildə bitir, hər iki ölkə razılaşarsa, daha beş illiyə uzadıla bilər.
 
Putin mətbuat konfransına iqtisadi göstəriciləri müsbət baxımdan təqdim etməklə başlayıb, deyib ki, işsizlik azalır, Rusiyanın ümumi daxili məhsulu isə ləng də olsa artır.
 
Dövlət başçısı iqtisadiyyata təkana verəcək, həyat standartlarını yaxşılaşdıracaq "dönüş”lə bağlı fikirlərini bir daha dilə gətirib, deyib ki, Rusiyaya "yeni texnoloji baza” lazımdır, "resurslarını cəmləməli”, onlardan səmərəli istifadə etməlidir.
 
ÜDM-nin bu yaxınlarda 2 faizi aşmayacağı halda dönüş necə əldə edilə bilər? Bu suala cavabında Putin problemlərin bəzilərinə görə xarici faktorları günahlandırıb. Onun sözlərinə görə, Rusiya ölçü və keyfiyyət baxımından "yeni iqtisadi liqaya” daxil olmalıdır, "ambisiyalı məqsədlər qoymasaq, heç nə əldə olunmayacaq”.
 
Ukrayna gəmilərinə Rusiyanın nəzarətində olan Krım yaxınlığında atəş açılması, ukraynalı dənizçilərin saxlanması insidentinə gəlincə, Putin buna görə Kremlin suçlanmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Moskvada saxlanmış 24 ukraynalı dənizçinin taleyi barədə cinayət işi tamamlanandan sonra qərar veriləcək. Putin azından məhkəmə keçirilənədək onların buraxılmayacağını, Ukraynaya qaytarılmayacağını, yaxud dəyişdirilməyəcəyini deyib.
 
Kiyev Moskvayla münasibətlərə görə Rusiyanı ittiham edir. Putinsə prezident Petro Poroşenko hökumətini 2019-cu ilin 21 mart seçkisi öncəsi tənqid edib.
 
"Rusofoblar, öz xalqının maraqlarını anlamayanlar Kiyevdə hakimiyyət dəhlizlərində qaldıqca, Kremldə hakimiyyətdə kimin olmasından asılı olmayaraq bu anormal durum davam edəcək”, o deyib.
 
Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib, Ukraynanın şərqində separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan həmin münaqişədə 10 min 300-dən çox ölən olub.
 
Amerikanın Səsi