Polis "Vətənə qayıdış" aksiyasının qarşısını alıb

Bir qrup məcburi köçkün sentyabrın 1-də Bərdə-Ağdam yolunda "Vətənə qayıdış" aksiyası keçirməyə çalışıb.

Bununla onlar Azərbaycan hakimiyyətinin işğal edilmiş əraziləri azad etmək iqtidarında olmamasına etirazlarını bildirmək istəyirdilər.

"Vətənə qayıdış" aksiyası keçirmək çağırışı ilə bir neçə gün əvvəl Ağdam rayonunun Qərbənd kəndindən məcburi köçkün Camal Əhmədov çıxış edib.

66 yaşlı Əhmədov yazırdı ki, ağır xəstədir və 30 ildir vətən həsrəti ilə yaşayır. O deyib ki, özü vətənə qayıtmaq niyyətindədir və istifadəçiləri onu yola salmağa çağırıb. Sentyabrın 1-də səhər saatlarında Bərdə-Ağdam yolunda dördyol kəsişməsində onlarla insan yığışıb. Onlar arasında 1980-ci illərin sonu - 1990-cı illərin əvvəllərində milli-demokratik hərəkatın fəal iştirakçıları Pənah Hüseyn, Nemət Pənahlı, Rəhim Qazıyev, Qarabağ Azadlıq Təşkilatının lideri Akif Nağı da olub.

Amma burada cəmləşmiş gücləndirilmiş polis dəstələri aksiya keçirilməsinə mane olublar, iştirakçıları saxlayıblar və Bərdə, Tərtər və Ağdam rayonlarının polis şöbələrinə aparıblar.

Aksiya iştirakçılarından biri, Laçından məcburi köçkün Turan-a bildirib ki, məcburi köçkünlər dinc şəkildə, qanunları pozmadan yığışıblar və ölümü belə gözə alaraq doğma yurdlarına qayıtmaq istəyirlər. Onun sözlərinə görə, beynəlxalq humanitar hüquqa əsasən, Ermənistan və Azərbaycan hərbiçiləri doğma yurdlarına qayıdan şəxslər üçün təhlükəsiz dəhlizi təmin etməlidirlər. "Biz doğuldğumuz evimizdə yaşamaq istəyirik", deyə o bildirib.

11.30 radələrində Pənah Hüseyn və Akif Nağı ifadələri alındıqdan sonra polis şöbəsindən buraxılıblar. Sonradan digər aksiya iştirakçıları da buraxılıb. Eyni zamanda, onların bəziləri hələ də polis şöbələrindədir.