Ramil Babayev ədliyyə nazirinə: “Siyasi məhbuslara verilən işgəncələr dərhal dayandırılsın”

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum edilən, Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev Umbakı Penitensiar Kompleksində özünün və digər məhbusların hüquqlarının pozulduğunu bildirir.

O, bununla bağlı ədliyyə naziri Fərid Əhmədova şikayət ərizəsi yazdığını, lakin müəssisə rəhbərliyinin ərizənin nazirə çatdırılmasına imkan vermədiyini deyir. Buna görə Babayev müraciətini media vasitəsilə ictimailəşdirmək qərarına gəldiyini bildirib.

Ramil Babayevin ədliyyə nazirinə ünvanladığı müraciəti olduğu kimi təqdim edirik:

“Ruslan İzzətli avqustun 18-də müəssisədə son günlərdə baş verən su kəsintilərinə etiraz olaraq könüllü surətdə cərimə kamerasına (“kars”) keçirilməsini tələb edib. Növbəti gün Əli Zeynal, ondan sonrakı gün isə mən, Fərid İsmayılov və Akif Qurbanov da eyni addımı atmışıq. Ruslan İzzətliyə bir həftə, Əli Zeynalova altı gün, mənə, Akif Qurbanova və Fərid İsmayılova isə üç gün rəsmi “kars” müddəti təyin olunub. Ruslan İzzətli və Əli Zeynalın harada saxlanılması barədə bizə məlumat verilməyib və onlarla kontakt qura bilməmişik.

Ruslan İzzətlinin vəziyyəti barədə məlumat verilməməsinə, ona və həmçinin Əli Zeynala bir həftəlik “kars” müddətinin təyin olunmasına etiraz olaraq mən və Fərid İsmayılov “kars”a daxil olduğumuz andan etibarən aclıq elan etmişik. Fərid İsmayılovun səhhəti pisləşdiyi üçün o, aclığın üçüncü günündə aclığı dayandırmalı olub. Mən son üç günü quru aclıq olmaqla altı gün aclıq etmişəm.

Məni quru aclığa keçməyə vadar edən aşağıda qeyd etdiyim qanunsuzluqlar olub.

Fərid İsmayılovun üç günlük “kars” müddəti bitdikdən sonra o, heç bir qərar və ya əsaslandırma olmadan qanunsuz şəkildə əlavə üç gün də “kars”da saxlanılmağa davam edib. O, belə qanunsuz rəftara qarşı həm şifahi, həm fiziki olaraq ən şiddətli şəkildə etirazını bildirdikdən sonra müəssisənin rəisi Rəşad Yusifov vasitəçi şəxslə ona bildirib ki, Fəridi “kars”dan buraxmaq üçün Penitensiar Xidmətin rəhbərliyindən göstəriş gözləyir. Yəni bu şəxs öz imzaladığı qərarı icra etmək iqtidarında olmadığını açıq şəkildə etiraf edir.

Ruslan İzzətliyə bir həftəlik “kars” müddəti onun iradəsi xaricində təyin olunub. Ruslan İzzətli qaldırdığı problem ictimailəşdikdən sonra kameraya qayıtmağa razı olduğunu bildirsə də, müəssisə rəisi Ruslana “kars” müddətinin onun “çəkisinə” uyğun təyin olunduğunu deyərək onu “kars”dan buraxmaqdan imtina edib və Ruslan İzzətli etirazına görə bu formada qanunsuz şəkildə cəzalandırılıb.

Akif Qurbanova, Fərid İsmayılova və mənə təyin olunmuş “kars” müddətləri ilə bağlı qərarlarda guya korpusda səs-küy salıb, qapıları döyəcləyib təxribat etməyə çalışdığımız üçün “kars”a salındığımız qeyd olunub. Bizim bu cəfəng qərara qeyd yazmağımıza icazə verilmədiyi üçün biz bu qərarları imzalamaqdan imtina etmişik.

Ombudsmanla və vəkillə əlaqə saxlamaqla bağlı etdiyimiz müraciətlər rədd edilib.

Fərid İsmayılovun axşam saatlarında səhhəti pisləşdiyi üçün həkim çağırılması ilə bağlı tələblərimizə verilən cavab bu olub ki, hazırda müəssisədə heç bir həkim yoxdur.

Rəşad Yusifov Fərid İsmayılovu və məni qəbul etməyib. “Kars”a baş çəkərək vəziyyətimizlə maraqlanmayıb.

Yayın ən qızmar günlərində sudan imtina etməklə aclıq etdiyim halda sərinkeşlə təmin olunmamışam.

Mən üç günlük “kars” müddətim bitdikdən sonra qanunun tələbini əsas tutaraq aclıqla bağlı tək nəfərlik kameraya keçirilməyimi tələb etsəm də, müəssisə rəhbərliyi qanunun tələbini pozaraq məni cərimə kamerasında saxlamağa davam edib.

Mən quru aclıq etdiyim müddətdə qida qəbul edən şəxslə eyni cərimə kamerasında saxlanılmışam və bu da qeyri-insani rəftar kimi qiymətləndirilməlidir.

Mən aclıq etdiyim müddətdə hər gün tərəzi orta hesabla 1 kq çəki itirdiyimi göstərdiyi halda, aclığın sonuncu günündə məqsədli şəkildə xarab tərəzi gətirilib və bu tərəzi çəkinin artdığını göstərib. Halbuki otağa daxil olan bütün qidaları otaqdakı digər şəxs təhlükəsizlik kamerasının çəkilişi altında yeyib və həmin şəxs, həmçinin su da qəbul etmədiyimə birbaşa şahidlik edib. Mən fərqli tərəzi ilə yenidən ölçmə tələb etsəm də, bu tələbim icra olunmadı. PX-dən hələ də bu möcüzənin tibbi izahını gözləyirəm.

Nəticədə, aclığın 6-cı günündə digər yoldaşları faktiki girovluqdan xilas edə bilmək üçün mən aclığı dayandırmaq məcburiyyətində qaldım. Sadaladığım qanunsuzluqlarla bağlı bildirmək istəyirəm ki, siyasi məhbuslara verilən işgəncələrin dərhal dayandırılmasını tələb edirəm.

Bu işgəncələrin kurasiyasını həyata keçirən general Mirsaleh Seyidov (Penitensiar Xidmətin rəisi -red.), Fikrət Qafarov (Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin rəisi - red.) və digər yüksək rütbəli şəxslər, həmçinin Umbakı PX daxilində bu qanunsuz qərarları icra edən müəssisə rəisi Rəşad Yusifov barəsində daxili təhqiqat başladılsın və yol verdikləri kobud qanun pozuntularına görə bu məsul şəxslərin cəzalandırılması təmin olunsun.

Nəzərinizə çatdırmaq istəyirəm ki, hüquqi vasitə ilə nəticə ala bilməyəcəyim halda işgəncələrlə mübarizə üçün əvvəlcə sivil itaətsizlik kampaniyası həyata keçirəcəyəm. Növbəti mərhələdə isə heç bir sərhəd tanımadan, bəşəri müqavimət tarixində sınaqdan keçirilmiş ən radikal üsulları tətbiq etmək məcburiyyəti qarşısında qalacağam. Adekvat araşdırmanın aparılmasına göstəriş verməyəcəyiniz halda baş verəcək hadisələrə görə bütün məsuliyyəti siz daşıyacaqsınız.”

"Toplum TV işi" üzrə həbsdə olan, III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli və Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Əli Zeynal avqustun 19-da "kars"a salınıblar. Buna onların həbsxanada içməli su çatışmazlığına etiraz etmələri səbəb olub.

İki gün sonra isə III Respublika Platformasının spikeri Akif Qurbanov, IDI əməkdaşı Ramil Babayev və "Toplum TV" əməkdaşı Fərid İsmayılov "kars"a salınıb. Buna səbəb isə onların R.İzzətli və Ə.Zeynalın daha öncə "kars"a salınmalarına etiraz etmələri olub.

"Toplum TV işi" üzrə həbslər 2024-cü ilin martında başlayıb. Bu il iyulun 27-də isə həbs olunan şəxslərə 12 ildən 15 ilə qədər həbs cəzaları verilib.

Onlara qarşı qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddə ilə ittiham irəli sürülüb. Özləri isə ittihamları qəbul etmir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.