"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb"

Bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib.

"Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.

Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.

"Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.

Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü ilin dekabrında AZAL təyyarəsinin qəzaya uğramasından bəri pisləşmişdi. Bakı-Qroznı istiqamətində uçan təyyarə sonradan Aktauda qəza enişi etmiş və təyyarədə olan 67 nəfərdən 38-i həlak olmuşdu.

Ötən ilin yayında isə Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu, Səfərov qardaşları və başqa bir neçə azərbaycanlı müxtəlif illərdəki cinayətlərdə ittiham olunaraq 20 ildən çox müddətə həbs cəzası alıb. Səfərov qardaşlarından ikisi polis idarəsindən ölü tapılmışdı və Azərbaycan tərəfi buna görə Rusiyaya nota vermişdi.

Eyni dövrdə Azərbaycanda da 8 Rusiya vətəndaşı narkotik ittihamı ilə həbs olunub. Onlara bu yaxınlarda 3-4 illik həbs cəzası verilib.