Ayətullah Xameneilə vida və dəfn mərasiminin təfərrüatları açıqlandı

“Şəhid İnqilab Rəhbərinin Əsərlərinin Qorunması və Nəşri” Ofisi Ayətullah Xamenei və ailə üzvlərinin vida, dəfn və torpağa tapşırılma mərasimlərinin təfərrüatlarını elan edib. Rəsmi bəyanatın mətni aşağıdakı kimidir:

 

“Bismillahir-Rəhmanir-Rəhim

“Möminlərdən elə kişilər var ki, Allaha etdikləri əhdə sadiq qaldılar. Onlardan kimisi (şəhid olmaqla) öz nəzrini yerinə yetirdi (şəhid oldu), kimisi də (şəhid olmağı) gözləyir. Onlar (öz əhdlərini) heç bir vəchlə dəyişdirmədilər.” (Əhzab surəsi, 23-cü ayə)

Şiə dünyasının ali təqlid müctəhidi, İslam İnqilabının müdrik rəhbəri, haqq və müqavimət cəbhəsinin bayraqdarı, mücahid imam şəhid Həzrət Ayətullahul-Üzma Seyid Əli Hüseyni Xameneinin (qəddəsallahu nəfsəhu-zzəkiyyə) qanlı şəhadətindən sonra İslam dünyası, bütün bərəkətli ömrünü haqq sözün ucalması, İslamın müdafiəsi, xalqa xidmət və İslam ümmətinin hidayəti yolunda sərf etmiş böyük bir şəxsiyyətin itkisinin hüznünü yaşayır. O şəhid rəhbər öz sarsılmaz imanı, ixlaslı mücadiləsi, mətin səbri və ilahi bəsirəti ilə əziz İranın istiqlal bayrağını, İslam ümmətinin hidayət və izzətini hər zaman uca tutmuşdur. Dövrün o unikal şəxsiyyətinin adı və xatirəsi əziz İranın tarixində, İslam dünyasında və qəlbi azadlıq eşqi ilə döyünən insanların yaddaşında əbədi qalacaqdır.

Mücahid imam şəhid Həzrət Ayətullahul-Üzma Xameneinin qanlı şəhadətini Anma Qərargahı, başda Həzrət Vəliyyi-Əsr (əccəlallahu təala fərəcəhu-şərif) olmaqla, Ali Rəhbər Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə və haqq yoluna bağlı olan bütün azadlıqsevər xalqlara başsağlığı verir, eyni zamanda bəsirətli İran xalqının və İslam ilə İnqilab fədailərinin izdihamlı və vəfalı iştirakına görə dərin minnətdarlığını bildirir.

Qərargahın bundan əvvəlki bildirişlərinə uyğun olaraq və edilmiş planlaşdırmaları nəzərə alaraq, şərif və matəm içində olan xalqın nəzərinə çatdırılır ki, mücahid imam şəhidin və onun ailə üzvlərinin — şəhidlər: doktor Misbahul-Huda Baqiri Kəni, Seyidə Büşra Hüseyni Xamenei, Zəhra Həddad Adil və Zəhra Məhəmmədi Gülpayəqaninin (rizvanallahi əleyhim əcməin) pak cənazələri ilə vida, dəfn və torpağa tapşırılma mərasimləri aşağıdakı qrafik üzrə keçiriləcəkdir:

Mərasimin növü və keçiriləcəyi məkan: 4 - 5 iyul Tehrandakı İmam Xomeyni Müsəllası, 6 iyul Tehran şəhərində dəfn yürüşü mərasimi, 7 iyul Müqəddəs Qum şəhərində dəfn yürüşü mərasimi, 9 iyul Müqəddəs Məşhəd şəhəri, İmam Rza (ə) hərəmində dəfn yürüşü və torpağa tapşırılma.

Bütün şərif və əziz xalqımızı, dünyanın azadlıqsevər insanlarını, İslam məktəbinin fədailərini və İrana bağlı olan hər kəsi bu əzəmətli mərasimlərdə iştirak edərək şəhid Rəhbəri son mənzilə yola salmağa dəvət edirik.

Sonda bu tədbirin keçirilməsi üçün geniş hazırlıq və planlaşdırma işləri görən məsul qurumlara və xalq qruplarına təşəkkür edir, eyni zamanda vurğulayırıq ki, bu mərasimin keçirilməsində əsas rolu matəmin əsl sahibləri olan şərif və hər zaman meydanda olan xalqımız oynayacaq və inşallah, xalq birliyinin bənzərsiz və əzəmətli bir təzahürü nümayiş etdiriləcəkdir. Mərasimin digər təfərrüatları ardıcıl olaraq ictimaiyyətə çatdırılacaqdır.”