“Müdafiə Xətti” insan haqları müdafiə təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qərar iyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə çıxarılıb.
Ötən məhkəmə iclasında dövlət ittihamçısı Rüfət Səfərovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Rüfət Səfərov 2024-cü il dekabrın 3-dən həbsdədir. Ona Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, Səfərov Natiq İmanquliyevdən torpaq satacağı vədi ilə 60 min manat alıb, lakin torpağı təqdim etməyib və pulu geri qaytarmayıb. İstintaq materiallarında bildirilir ki, 2024-cü il dekabrın 3-də İmanquliyev pulu tələb etmək üçün Səfərovun yaşadığı binanın qarajına gəlib. Tərəflər arasında yaranan mübahisə zamanı Səfərovun ona xəsarət yetirdiyi iddia olunur.
Rüfət Səfərov ittihamları qəbul etmir. O bildirir ki, həbs olunana qədər Natiq İmanquliyevi tanımayıb. Hüquq müdafiəçisinin sözlərinə görə, həmin gün qarajda avtomobildən düşərkən hücuma məruz qalıb və dava bundan sonra baş verib.
Səfərovun həbsindən əvvəl ABŞ-yə səfər etməsi planlaşdırılırdı. 2024-cü il dekabrın 10-da Vaşinqtonda Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən tədbirdə ABŞ Dövlət Departamentinin mükafatına layiq görülən şəxslər arasında onun da adı olub. Mükafatları ABŞ-nin o zamankı dövlət katibi Antoni Blinken təqdim edib.
Hüquq müdafiəçisi həbsinin siyasi motivli olduğunu bildirir. Azərbaycan rəsmiləri isə ölkədə insanların siyasi baxışlarına görə həbs edilmədiyini bəyan edirlər.
Rüfət Səfərov 8 il müddətinə azadlıqdan məhrum edilib