Prokuror "Toplum TV işi” üzrə həbs olunanlara 13-16 il cəza istəyib

İyunun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib. 

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı Rauf Malışov çıxış edərək təqsirləndirilən şəxslərə həbs cəzası istəyib. 

Prokuror çıxışında ilk məhkəmə iclasında artıq elan edilmiş ittiham aktını yenidən səsləndirməyə başlayıb. Təqsirləndirilən şəxslər isə buna etiraz ediblər. 

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov ittihamları "biabırçı" adlandırıb və prokurorun uzun-uzadı nitqini dinləmək istəmədiklərini bildirib.

A.Tağıyev isə ona belə cavab verib: “Siz saatlarla danışanda biz sizə qulaq asırıq.”

“Birdəfəlik desin ki, bizə neçə il cəza istəyir", - A.Qurbanov deyib. 

Hakim prokurorun çıxışını sona qədər etməli olduğunu deyib.

A.Qurbanov prokurorun çıxışına müdaxilə etməyə davam edib, ittihamlarla bağlı ziddiyətli məqamları səsləndirib. O, iş üzrə hal şahidlərinin hamısının dindirilmədiyini, təqsirləndirilən şəxslərin bəzilərinin işin əhatə etdiyi müddət ərzində ölkəni tərk etmədiyini xatırladıb.

Prokuror 3 il dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri Akif Qurbanovun 16, "Toplum TV" həmtəsisçisi Ələsgər Məmmədlinin 15, siyasətçi Ruslan İzzətlinin 16, IDI əməkdaşları Ramil Babayevin 14, Əli Zeynalın 15, İlkin Əmrahovun 14, "Toplum TV" əməkdaşları Müşfiq Cabbarın 14, Fərid İsmayılov və Elmir Abbasovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. 

R.Malışovun sözlərinə görə, təqsirləndirilən şəxslər zərərçəkən qismində çıxış edən Dövlət Vergi Xidmətinə 79,440 manat ödəməlidir. O, bununla bağlı təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş avtomobilləri və evlərinin müsadirə edilərək mülki iddianın təmin edilməsini təklif edib. 

Prokuror Akif Qurbanova aid iddianı səsləndirərkən o, avtomobilin qiymətini nəzərdə tutaraq bunları deyib: ““Görünür, prezident İlham Əliyevin və daxili işlər naziri Vilayət Eyvazovun 17 min manata ehtiyacı var.”

Prokuror Elmir Abbasovun məhkəmə zalında həbs olunmasını istəyib.

Dövlət ittihamçısının çıxışı başa çatdıqdan sonra Akif Qurbanov ironik tərzdə bunları deyib: “Baş prokuror Kamran Əliyev İlham Əliyevin yolunda xidmətini davam etdirir.”

Növbəti proses iyunun 22-ə təyin edilib.

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

"Toplum TV işi" üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.