Kəlbəcərdə iki hərbi qulluqçumuz xidməti vəzifələrini yerinə yetirərkən dərəyə düşüb

Kəlbəcər rayonunun Ömər aşırımı ərazisində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu xidməti vəzifələrini yerinə yetirərkən dərəyə düşüb.
Bu barədə Müdafiə Nazirliyi Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verib.
Nazirliyin bildirdiyinə görə, hadisə ərazinin qarlı və buzlu olması səbəbindən baş verib. Hərbi qulluqçular Rəcəb Miriş oğlu Mənsimli və İlyas Coşqun oğlu Osmanov yıxılaraq dərəyə düşüblər.
Müxtəlif bədən xəsarətləri alan İlyas Coşqun oğlu Osmanova ilkin tibbi yardım göstərilib və o, yaxınlıqdakı tibb müəssisəsinə təxliyə olunub. Onun vəziyyətinin stabil olduğu bildirilir.
Müdafiə Nazirliyi qeyd edib ki, Rəcəb Miriş oğlu Mənsimlinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.