İnanclı fəal Elşən Quliyevə hökm oxunub

Mayın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində inanclı fəal Elşən Quliyevə hökm oxunub.
Jurnalist Arzu Abdullanın "Toplum TV"-yə verdiyi məlumata görə, inanclı fəala 4 il azadlıqdan məhrumetmə cəzası verilib.
E.Quliyevin barəsindəki Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma) 234.1-1-ci maddəyə tövsif olunub, bununla da ittihamdan "satış məqsədi" çıxarılıb.
E.Quliyev son sözündə özünü təqsirli bilməyib, ittihamın saxta olduğunu bildirib.
"Bizim bir günahımız var. Biz zalımlara "yox" deyirik", - o qeyd edib.
Fəalın çıxışı yarımçıq saxlanılıb və məhkəmə zalından çıxarılıb.
Elşən Quliyev ötən ilin avqustunda çalışdığı "Sədərək" ticarət mərkəzində polis tərəfindən saxlanılıb.
Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın may ayında açıqladığı siyahıya əsasən, ölkədə olan 328 siyasi məhbusdan 182-si inanclı fəallardır.
Azərbaycan hakimiyyəti isə bir qayda olaraq ölkədə heç kimin siyasi fikirlərinə və ya fəaliyyətinə görə həbs olunmadığını deyir.