Azərbaycanda İrana qarşı müharibədən sonra 220-dən çox dindar həbs edilib

“220-dən çox şiə dindar həbs olunub”

Arif Yunus bildirib ki, ABŞ və İsrailin İrana qarşı müharibəsi başlayandan sonra Azərbaycanda dindarlara qarşı yeni həbs kampaniyası həyata keçirilir.

Hüquq müdafiəçisi sosial şəbəkə hesabında yazıb ki, 28 fevraldan 15 maya qədər olan müddətdə 220-dən çox şiə dindar saxlanılıb. Onun sözlərinə görə, həbslər hazırda da davam edir.

Azərbaycanın Siyasi Məhbuslarına Azadlığı İttifaqı mayın 13-də ölkədəki siyasi məhbusların yeni siyahısını yayıb.

Siyahıda ümumilikdə 328 nəfərin adı yer alıb. Məlumata əsasən, siyahıya daxil edilən şəxslərin 15-i qadındır. Hesabatda siyasi məhbuslar fəaliyyət istiqamətlərinə görə 12 qrupa bölünüb. Ən böyük kateqoriyanı 182 nəfərlə dindarlar təşkil edir.

Siyahıda həmçinin 44 müxalifət və vətəndaş cəmiyyəti fəalı, 31 jurnalist və bloger, 8 hüquq müdafiəçisi yer alıb.

Sənəddə “İmişli işi” üzrə 15 nəfərin, “Gəncə işi” üzrə 13 nəfərin və “Tərtər işi” üzrə 8 nəfərin adı qeyd olunub.

Bundan başqa, Avropadan deportasiya olunmuş 6 siyasi mühacir, milli azlıqların 5 fəalı, Söyüdlü hadisələri ilə bağlı 2 nəfər və müharibə əleyhinə çıxış edən 2 fəal da siyahıya daxil edilib.

Ömürlük həbs cəzası alan 12 nəfərin də siyasi məhbus kimi göstərildiyi bildirilib.

Arif Yunus əvvəlki siyahıda 340 nəfərin yer aldığını, yeni siyahıda isə bu sayın 328 nəfərə düşdüyünü xatırladıb.

O bildirib ki, bu azalma siyasi məhbusların sayının həqiqətən azalması demək deyil.

Hüquq müdafiəçisinin sözlərinə görə, 22 dekabrdan 1 aprelədək tətbiq edilən amnistiya nəticəsində 122 nəfər azadlığa buraxılıb və onların 118-i dindar olub.

Lakin eyni dövrdə yeni həbslər davam etdiyi üçün ümumi sayda ciddi dəyişiklik baş verməyib.

Arif Yunus bildirib ki, xüsusilə bölgələrdə saxlanılan dindarlarla bağlı məlumat əldə etmək çətindir.

Onun sözlərinə görə, indiyədək yalnız 30 nəfərin kimliyi tam və ya qismən müəyyənləşdirilə bilib.

Hüquq müdafiəçisi hesab edir ki, real həbs sayı rəsmi siyahıda göstəriləndən daha çoxdur və ümumi rəqəm 400-450 nəfər arasında dəyişə bilər.

Siyasi məhbus siyahısını hazırlayan təşkilat bildirib ki, sənəd Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş “siyasi məhbus” meyarları əsasında hazırlanıb.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi məhbusların olması ilə bağlı iddiaları rədd edir.

Rəsmi mövqeyə görə, heç kim siyasi baxışlarına görə həbs olunmur və saxlanılan şəxslər konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb edilirlər.