Ötən həftə Azərbaycan Ordusunun daha bir əsgərinin vəfat etməsi barədə məlumat verilib. Hökumətyönlü medianın yazdığına görə, hadisə Yevlax rayonunun ərazisindəki hərbi hissədə baş verib.
Bildirilib ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edən
20 yaşlı Xətai Fərahim oğlu Məmmədovun meyiti hərbi hissənin idman meydançasında aşkarlanıb.
Qurumdan hərbçinin ölüm səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.
Məlumata görə, o, iki ay sonra tərxis olunacaqdı.
Bununla da 2026-cı ildə Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunun itkiləri ən azı 7 nəfərə çatıb. Xəzər Hərbi Tədqiqatlar İnstitutunun keçirdiyi monitorinqin nəticələrinə görə, onlar qeyri-döyüş itkiləridir. Ümumilikdə 2026-cı ildə 2 nəfər müxtəlif xəstəliklərdən, 1 nəfər intihardan, 1 nəfər avtomobil qəzasından, 1 nəfər bədbəxt hadisədən dünyasını dəyişib. Dünyasını dəyişən digər iki nəfərin ölüm səbəbləri açıqlanmayıb. Onlardan 6 nəfəri Müdafiə Nazirliyinin, 1 nəfəri isə Dövlət Sərhəd Xidmətinin əməkdaşları olublar. Dünyasını dəyişənlərin 3 nəfəri əsgər, 2 nəfəri zabit, 1 nəfəri gizir, 1 nəfəri MAHHXQ-dır. 2026-cı ildə 3 hərbi qulluqçu avtomobil qəzası zamanı yaralanıb.
Azərbaycan 2026-cı ilin ilk iki ayında 7 hərbçisini itirib