Akif Qurbanov hakimə: “Bilirik ki, sizin müstəqil qərar vermə səlahiyyətləriniz yoxdur"

Mayın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.

Təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov çıxış edərək qanunsuz gəlir əldə etməsi barədə ittihama cavab verib. O, özünün və həyat yoldaşının qanuni, vergisi ödənilmiş gəlirlərinin istintaqın iddia etdiyi qanunsuz gəlir məbləğindən qat-qat çox olduğunu göstərib.

"Bu isə mənə imkan verib ki, qanuni gəlirlərimlə bu işləri görə bilim. Araşdırılsa, sizin də əmlak və avtomobillərinizin dəyəri əməkhaqqınızın məbləğindən çox ola bilər", - o, hakimlər və prokurora xitabən deyib.

A.Qurbanov hakimiyyətdə olan şəxsləri də gəlirlərini bəyan etməyə çağırıb.

Daha sonra təqsirləndirilən şəxslərdən "Toplum TV" həmtəsisçisi və media eksperti Ələsgər Məmmədli çıxış edərək 2000-ci illərdə çalışdığı iş yeri ilə bağlı sənədlərin də cinayət işinə əlavə olunduğunu bildirib.

"Həmin dövrdə aldığım əmək haqqının vergilərini ödəmişəm. O işlə bağlı sənədlər, hətta vizit kartlar belə cinayət işinə daxil edilib və bunun əsasında ittiham aktı hazırlanıb. Halbuki onların hazırki işə heç bir aidiyyəti yoxdur", - o vurğulayıb.

"İki ildən çoxdur ki, biz həbsdəyik. Mən araşdırdım, bu, ən az 200 cinayət əməlinin cəzası kimi nəzərdə tutulan müddətə bərabərdir. Yəni, biz barəmizdə hökm olmadan artıq 200 cinayətin cəzasını çəkmiş sayılırıq", - o əlavə edib.

Prosesə sədrlik edən hakim Azər Tağıyev Ə.Məmmədlinin sözünü kəsib, ona son sözü zamanı bu çıxışı etməyə imkan yaradılacağını deyib.

"Biz iki ildən çoxdur ki, həbs yaşayırıq, dözürük. Siz isə 25 dəqiqə bizim çıxışımıza dözə bilmirsiniz", - Ə.Məmmədli hakimə cavab verib.

Sonra A.Qurbanovun vəkili Fuad Ağayev vəsatət verərək IDI ofisində və evlərdə tapıldığı iddia olunan pul əskinasları barədə ekspertiza rəylərinin sübutlar siyahısından çıxarılması və ekspertin məhkəmədə dindirilməsini istəyib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyinin (DİN) Kriminalistik Tədqiqatlar İdarəsinin baş ekspertinin tərtib etdiyi ekspert rəyləri məhkəmədə tələm-tələsik elan olunub və onların təhlili aparılmayıb.

"Hətta müdafiə tərəfinin vəsatəti ilə məhkəməyə gətirilmiş pul əskinaslarına maddi sübut kimi baxış keçirilən zaman buna heç bir maraq göstərməyən prokuror müdafiəçinin əskinasları kamera ilə çəkməsinə qəti etirazını bildirdi. Pul əskinaslarına seçmə yolu ilə keçirilən baxış zamanı məlum oldu ki, əskinaslar tərtəmizdir, sütüldür - yəni rəydə göstərildiyindən fərqli olaraq onların üzərində SIRCHIE qara maqnit tozunun əsər-əlaməti belə yoxdur", - vəkil qeyd edib.

F.Ağayev DİN ekspertinin təqdim etdiyi rəylərin beynəlxalq standartlarla uyğunsuzluq təşkil etdiyini bildirib.

O əlavə edib ki, iki rəy bir günə hazırlanıb, halbuki yüzlərlə əskinasın və əlavə sənədlərin bir gündə ekspertizası texniki olaraq qeyri-mümkündür.

"Bir əskinasın tam emalı tək bir kimyəvi reagent ardıcıllığı üçün belə ən azı 30-45 dəqiqə vaxt aparır. Beynəlxalq standartlara əsasən tam dörd mərhələli ardıcıllığın tətbiqi isə hər əskinas üçün – kimyəvi reagentlərin reaksiya və quruma müddəti hesabına – 24-72 saat real iş vaxtı tələb edir. Bu, ya ekspertizanın səthi həyata keçirildiyini, ya da nəticələrin əvvəlcədən hazırlandığını, yəni xidməti saxtakarlığı göstərir", - F.Ağayev bildirib.

"Avropa ölkələri gəlsin bizdən ekspertiza öyrənsin", - o, kinayə ilə əlavə edib.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra təqsirləndirilən şəxslərdən "Toplum TV" əməkdaşı Fərid İsmayılov çıxış edib.

"Zərərçəkmiş qismində tanınmış Dövlət Vergi Xidmətinin nümayəndəsi bütün proseslərdə burada əyləşir. Bir ildir məhkəmə gedir, bir dəfə dedim ki, kim konkret nə qədər vergidən yayınıb, gətirin təqdim edin məhkəməyə. Dedi ki, "bilmirəm", danışanda da istintaq materiallarına istinad edir. Halbuki zərərçəkən tərəf budur, bunun iddiası ilə biz iki ildir həbsdəyik. Azər bəy, sizdən də bir dəfə soruşdum ki, cinayət işində qaçaqmalçılıq etdiyimlə bağlı fakt varmı? Dediniz ki, yoxdur, buna yekunda qiymət veriləcək. Deməli, qaçaqmalçılıq etmədiyim halda mən qaçaqmalçılıq ittihamı ilə həbsdəyəm", - o bildirib.

"Toplum TV" redaktoru Müşfiq Cabbarın vəkili Rəsul Cəfərov isə müvəkkilinin saxlanma protokolundakı imzanın ona aid olmadığını qeyd edib. O, eyni zamanda əməliyyatçılar və hal şahidlərinin dindirilməsi ilə bağlı vəsatət verib. 

IDI əməkdaşları Ramil Babayev və İlkin Əmrahovun vəkili Günay İsmayılova da məhkəmə istintaqına cəlb olunmayan hal şahidlərinin, eləcə də evlərdə axtarışlarda iştirak etmiş polis əməkdaşlarının dindirilməsi barədə vəsatət verib. O həm də axtarış protokollarının sənədlər siyahısından çıxarılmasını istəyib.

Məhkəmə vəsatətlərin bir qismini təmin etməyib, digərlərini isə baxılmamış saxlayıb.

A.Qurbanov buna etiraz edərək məhkəmə proseslərini boykot edəcəklərini bildirib. A.Tağıyev isə ona cavabında deyib ki, təqsirləndirilən şəxslər kimi onlar proseslərdə iştirak etməyə məcburdur. Bu zaman onların arasında mübahisə başlayıb.

"Biz bilirik ki, sizin müstəqil qərar vermə səlahiyyətləriniz yoxdur. Bu bir şoudur, məhkəmə deyil", - A.Qurbanov deyib.

Zalda əyləşən şəxslər də vəsatətlərin səbəb göstərilmədən rədd edilməsinə etiraz edib.

Prosesin günün ikinci yarısındakı hissəsi vəkillərin iştirak edə bilməməsi səbəbilə 25 may saat 10:00-a təxirə salınıb.

"Toplum TV işi" üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. III Respublika Platformasının spikeri Akif Qurbanov, bu qurumun qurucu heyət üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov və Ramil Babayev həbs olunublar.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilib, “Toplum TV” redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, sonra haqqında polis nəzarətinə verilməklə qətimkan tədbiri seçilib.

"Toplum TV işi" üzrə həbs edilənlər öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.

Onlar ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.