Ülvi Həsənlinin həyat yoldaşı: “Aprel və mayda mənzilimə naməlum şəxslər daxil olub”

“Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva son iki ay ərzində yaşadığı mənzilə naməlum şəxslərin daxil olduğunu iddia edir.

O, sosial media hesabında paylaşdığı məlumatda bunu təsdiqləyən kamera görüntülərinin olduğunu bildirib.

R.Quliyevanın sözlərinə görə, evdə olmadığı vaxtlarda mənzildə elektrik enerjisi kəsilib.

“Məhz Ülvi ilə görüşə getdiyim günlərdə, həmin saatlarda yaşadığım mənzildə işıq sönür. Bildiyimə görə, indiyədək müxalifət, vətəndaş cəmiyyəti və media nümayəndələrinin evlərinə daxil olan polis və ya DTX əməkdaşları təhlükəsizlik kamerasından ehtiyat edərək mənzilin işıqlarını blokdakı elektrik panelindən söndürürlər. Mənim də evimə eyni üsulla girilib”, - deyə o qeyd edib.

R.Quliyeva bildirib ki, yaşadığı binada “smart” elektrik sistemi quraşdırıldığından işıq yalnız balans bitdikdə və ya texniki nasazlıq zamanı kəsilə bilər. Onun sözlərinə görə, 26 aprel və 10 may tarixlərində elektrik yalnız onun mənzilində kəsilib.

O əlavə edib ki, 10 mayda evə qayıdarkən qapının gözlüyünün açıq olduğunu, bəzi əşyaların yerinin dəyişdirildiyini müşahidə edib. Kamera görüntülərinə baxdıqdan sonra isə mənzilə daxil olunduğuna daha da əmin olduğunu deyib.

“26 aprelə aid görüntülərdə evə daxil olan şəxslərin kameranın içində yaddaş kartının olub-olmadığını yoxladıqları görünür. Amma kameranı götürdükləri kimi yerinə qoymağı unudublar. Nəticədə kameranın çəkiliş bucağı dəyişib”, - deyə o bildirib.

R.Quliyeva baş verənləri izlənmə və təzyiq kimi qiymətləndirdiyini bildirib. O, həmçinin həyat yoldaşı Ülvi Həsənlinin təxminən üç ildir həbsdə saxlanıldığını, özünün ölkədən çıxışına qoyulan məhdudiyyətin isə hələ də davam etdiyini xatırladıb.

O, vəziyyəti özü və övladı üçün təhlükə hesab etdiyini bildirərək, baş verə biləcək hər hansı hadisəyə görə prezident İlham Əliyevi məsul saydığını qeyd edib.

R.Quliyevanın iddiaları ilə bağlı aidiyyəti qurumları hələlik açıqlama verməyib.

2025-ci ilin iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı, "Azadlıq Radiosu"nun jurnalisti Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, “Abzas Media”nın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər.

Lakin jurnalistlər ittihamları rədd edib və məhz peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildiriblər.