Azərbaycandan rüşvət almaqda ittiham olunan sabiq alman depudatı həbs edilib

Almaniya parlamentinin sabiq üzvü Aksel Fişer Azərbaycandan rüşvət almaqda ittiham olunaraq həbs edilib.
Almaniyanın "Welt" nəşrinin dekabrın 22-də verdiyi xəbərə görə, bu barədə Münxen Ali Regional Məhkəməsi qərar verib.
Səhhəti ilə əlaqədar əvvəlki proseslərdə iştirak etməyən Fişerin həbsinə tibbi ekspertizanın müsbət rəyi əsasında qərar verilib. O, İsveçrə sərhədindəki qəsəbədə müalicə aldığı klinikada həbs olunub və məhkəməyə gətirilib.
Rüşvət ittihamı ilə təqsirləndirilən sabiq deputat ifadəsində ittihamı rədd edib. O, Azərbaycandan və ya hər hansı lobbi qrupundan heç vaxt pul və hədiyyə almadığını deyib.
Dövlət ittihamçıları isə iddia edir ki, 2010-2018-ci illərdə Avropa Şurası Parlamentlər Assambleyasında üzv olan Fişer Azərbaycanla bağlı qətnamə səsvermələrində bu ölkənin lehinə səs verib və qarşılığında bu ölkəni təmsil edən şəxslərdən on minlərlə avro dəyərində nəğd pul alıb.