Bu il "Nərgiz" Mükafatı Afiəddin Məmmədova verilib

Dekabrın 20-də “Nərgiz” Mükafatının təqdimetmə mərasimi keçirilib. Bu il mükafat hazırda həbsdə olan “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədova verilib.
Mükafatı onun adından “İşçi masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Sara Rəhimova qəbul edib.
Afiəddin Məmmədov 2023-cü ilin sentyabrında tanımadığı şəxsi bıçaqlamaq ittihamı ilə saxlanılıb. 2025-ci ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsi onu 8 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə Məmmədovu Cinayət Məcəlləsinin 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilib.
Məmmədov sonuncu dəfə saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsindəki vəziyyətlə bağlı ictimaiyyətə müraciət edərək, müəssisədə qanunsuzluqlar və məhbuslara qarşı davam edən təzyiqlər barədə məlumat verib.
“İşçi Masası” Konfederasiyasına qarşı həbslər kuryerlərin 2023-cü ilin avqust etirazlarından sonra başlayıb. Təşkilatın bir neçə üzvü daha sonra narkotik ittihamı ilə həbs edilib. Yerli hüquq müdafiəçiləri onların siyasi məhbus olduğunu bildirirlər. Rəsmi qurumlar isə bu iddiaları rədd edir.
“Nərgiz” Mükafatı mərhum fəal Nərgiz Yaqublunun xatirəsinə təsis edilib. Nərgiz Yaqublu 2015-ci il aprelin 23-də ağır xəstəlikdən vəfat edib. Mükafat hər il Azərbaycanın demokratikləşməsi uğrunda mübarizə aparan şəxslərə verilir.