İsrail ordusu Qəzzada atəşkəs razılığını pozmağa davam edir

İsrail ordusu Qəzza zolağındakı müxtəlif əraziləri hava və artilleriya hücumları ilə hədəfə alıb.

Şahidlərin sözlərinə görə, İsrail ordusu Qəzza şəhərinin şərq bölgələrini hədəfə alıb və həmçinin Qəzzanın cənubundakı Xan Yunis və Rəfəhin şimal və şərq bölgələrinə hücumlar təşkil edib.

Qəzza şəhərinin şərqindəki Şucaiyyə məhəlləsi artilleriya atəşinə tutulub və ərazidən partlayış səsləri eşidilib.

İsrail döyüş təyyarələri də Xan Yunis və Rəfəh şəhərlərini bombalayıb və hədəf bölgələrdən tüstü qalxıb.

Soyqırım törədən İsrail ordusu Qəzza və Rəfəhdəki bəzi ərazilərə də ayrı-seçkilik etmədən atəş açıb.

Qəzza Hökumətinin Media Ofisinin məlumatlarına görə, İsrail ordusu Qəzzada qüvvəyə minəndən bəri atəşkəsi yüzlərlə dəfə pozub, ən azı 394 fələstinli həlak olub və mindən çox insan yaralanıb.

İşğalçı İsrail tərəfindən 8 oktyabr 2023-cü ildə başladılan və iki il davam edən Qəzza zolağını hədəf alan soyqırım hücumları, əksəriyyəti qadın və uşaqlardan ibarət 70 mindən çox fələstinlinin şəhid olmasına və 171 mindən çox insanın yaralanmasına səbəb olub.