Vəkil: "Amnistiya aktı məhkum sıxlığı problemini həll etməyəcək"

Dekabrın 15-də Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə amnistiya aktı layihəsini təqdim etdi. 

Ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilən bu sənədin ölkə tarixindəki ən genişmiqyaslı akt olacağı deyilir. 

Akt layihəsinə daxil olunan məhbusların əksəriyyətinin İkinci Qarabağ Müharibəsi və digər döyüşlərdə iştirak etmiş şəxslər olduğu bildirilir. 

"Eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur", - "Azərtac" yazıb. 

Məlumata görə, 5 mindən çox məhkum həbs cəzasından azad ediləcək, 3 mindən artıq şəxsin cəzası azaldılacaq. Eyni zamanda, 7 mindən çox şəxsin azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın şəxsin şərti cəzalardan, mindən çox şəxsin isə cinayət məsuliyyətindən azad ediləcəyi gözlənilir.

Buna baxmayaraq, Milli Məclisin saytında dərc edilmiş akt layihəsində yalnız "böyük ictimai təhlükə törətməyən cinayətlərə" görə məhkum edilmiş şəxslərin amnistiyaya düşəcəyi qeyd olunub. İlk dəfə ağır cinayətlərə görə məhkum edilmiş şəxslərə isə o halda amnistiya tətbiq ediləcək ki, onların cəzasının bitməsinə 1 ildən az vaxt qalsın. 

Vəkil Fariz Namazlı sosial media hesabında yazıb ki, aktın layihə mətni dərc edildikdən sonra əksər məhkumlar arasında məyusluq yaranıb. Bunun səbəbi isə odur ki, hazırda həbsdə olan şəxslərin böyük əksəriyyəti ağır cinayətlərdə təqsirləndirilir. 

"Bundan əvvəl də bir neçə dəfə amnistiya aktları qəbul edilib və demək olar ki, hamısının məzmunu eyni olub. Həmin aktların heç birində ağır və xüsusilə ağır cinayətlərə görə ittiham edilən və ya məhkum olunmuş şəxslər nəzərə alınmayıb", - o xatırladıb. 

"Halbuki ağır və ya xüsusilə ağır cinayətlərin müəyyən kateqoriyalarının da amnistiya aktına daxil edilməsi xeyli sayda şəxsin azadlığa çıxmasına imkan yarada bilərdi.

Hazırda iri şəhərlərdə ağır və xüsusilə ağır cinayətlər üzrə məhkəmə icraatında olan işlərin sayı böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər üzrə icraatda olan işlərin sayından daha çoxdur", - vəkil əlavə edib. 

F.Namazlı qeyd edib ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında 754, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində 153, Şəki Ağır Cinayətlər Məhkəməsində 176, Gəncə Ağır Cinayətlər Məhkəməsində 205, Lənkəran Ağır Cinayətlər Məhkəməsində isə 178 məhkəmə işi mövcuddur. 

O, müqayisə üçün bildirib ki, hazırda ən az işin baxıldığı Binəqədi Rayon Məhkəməsində 50, ən çoxunun baxıldığı Nizami Rayon Məhkəməsində isə 198 iş icraatdadır. Sumqayıt Şəhər Məhkəməsində bu göstərici 110, Şəki Rayon Məhkəməsində 62, Gəncə Şəhər Məhkəməsində 55, Lənkəran Rayon Məhkəməsində isə 37-dir.

"Göründüyü kimi, məhkəmə icraatında olan cinayət işlərinin əksəriyyəti ağır və xüsusilə ağır cinayətlərlə bağlıdır. Eyni zamanda, bir şəxs barəsində amnistiya aktının tətbiq oluna biləcəyi cinayət üzrə ittiham irəli sürülmüş olsa belə, onun barəsində ağır və ya xüsusilə ağır cinayət üzrə də ittiham mövcuddursa, amnistiya aktı həmin şəxsə tətbiq edilmir", - vəkil əlavə edib. 

Avropa Şurasının 2024-cü il üzrə hesabatına əsasən, hazırda Azərbaycanda 26,894 məhkum cəza çəkir. 

F.Namazlı bu statistikaya istinadən deyir ki, Azərbaycanda cəzaçəkmə müəssisələrində məhkumların sıxlığı problemi hələ də aradan qaldırılmayıb və mövcud amnistiya aktı da bu problemin həllinə ciddi töhfə verməyəcək.