Həbsdəki alimin qardaşı: 'Qan qusur'

İstanbul Universitetinin iqtisadçı Qubad İbadoğlu ilə eyni cinayət işi üzrə həbs olunan azərbaycanlı doktorantı Fazil Qasımovun sağlamlığında ciddi problemlər yarandığı bildirilir. Bu barədə AzadlıqRadiosuna məlumat verən qardaşı Nazim Qasımov deyib ki, hazırda 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan alim bəzən qan qusur.

Qardaşının sözlərinə görə, F.Qasımov hələ həbsindən öncə mədəsindəki problem üzündən əməliyyat olunmuşdu. Həbsindən sonra uzunmüddətli aclıq aksiyaları bu problemi daha da kəskinləşdirib.

"Aclığın fəsadları özünü kəskin şəkildə göstərir. Hazırda qida qəbulunda da çətinlik çəkir. Gün ərzində şiddətli ağrılar onu çox narahat edir. Bəzən ağzından qan gəlir", – N.Qasımov bildirib.

 

"Normal müalicə almasa, həyatı təhlükə altında qalacaq"

Qardaşı ilə noyabrın 5-də görüşdüyünü deyən N.Qasımovun sözlərinə görə, 2 saylı Cəzaçəkmə Müəssisəsində də onun durumundan xəbərdardırlar. O, müəssisədəki tibbi-sanitar hissənin həkiminə vəziyyəti barədə məlumat verib. F.Qasımov müayinə olunmaq, lazım olan tibbi yardımı ala bilmək üçün Müalicə Müəssisəsinə köçürülməsini istəyir: "Azadlıqda olarkən mədə əməliyyatından sonra dərman qəbul edirdi. Həmin dərmandan Türkiyədən gətirmişik. Hələlik bu dərmanla keçinməyə çalışır. Amma uzun müddət belə davam edə bilməz, normal müalicə almasa, həyatı təhlükə altında qalacaq. Cəzaçəkmə müəssisəsinin rəhbərliyindən, əməkdaşlardan şikayəti yoxdur. Problem sağlamlığı ilə bağlıdır".

F.Qasımova 9 il həbs cəzası kəsilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verilsə də, nəticəsiz qalıb. Bakı Apellyasiya Məhkəməsi sentyabrın 29-da hökmün qüvvədə saxlanmasına qərar verib.

Ailəsi bildirir ki, apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

Həbsdə olan alimin sağlıq durumu və hazırkı vəziyyəti haqda yaxınlarının dediklərinə Penitensiar Xidmətdən və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən şərh almaq mümkün olmayıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzadlıqRadiosuna bundan öncəki açıqlamalarda bildirilib ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərin qanunda nəzərdə tutulmuş bütün hüquqları təmin olunur.

Tibb Baş İdarəsi də sağlamlığında problem olan məhkumların diqqətdə saxlandığını və onlara lazım olan tibbi yardımın göstərildiyini iddia edib.

 

Xatırlatma

Fazil Qasımov 2023-cü il avqustun 8-də - Qubad İbadoğlunun həbsindən təxminən 10 gün sonra İstanbulda saxlanılaraq Bakıya gətirilib. Ona da eyni - Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama, əldə etmə, satma) maddəsi ilə ittiham verilib.

Q.İbadoğlu saxlandığı gün təşkilatın ofisində axtarış aparılıb və 40 min dollar tapıldığı, bunun bir bölümünün saxta olduğu iddia edilib. Təqsirləndirilən professorsa bu pulları ofisə elə hüquq-mühafizə orqanları əməkdaşlarının atdığını söyləyib.

İstintaqın gedişində Q.İbadoğluya Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddələriylə ittiham verilsə də, o bu ittihamı da qəbul etməyərək cinayət işində yazılanları yalanlayıb.

Q.İbadoğlu 2024-cü il aprelin 22-də ev dustaqlığına buraxılıb, daha sonra onun haqqında polis nəzarətinə vermə-qətimkan tədbiri seçilib. Avqustda isə onunla bağlı cinayət işi ümumi işdən ayrılıb.

F.Qasımovun haqqındakı cinayət işi isə məhkəməyə göndərilib və ona 9 il həbs cəzası kəsilib.

Q.İbadoğlu həbsdən çıxandan bir müddət sonra rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla əsaslandırıb.