Azərbaycanın Avropaya qaz ixracı vədləri pessimist hasilat proqnozları ilə toqquşur

Azərbaycan hökuməti Avropanın enerji təchizatında rolunu davamlı olaraq qabartsa da, qarşıdakı dörd il üçün (2030-cu ilədək) açıqladığı hasilat proqnozları o qədər də optimist deyil.

Belə ki, açıqlanan 2026–2029-cu illəri əhatə edən sosial-iqtisadi inkişaf proqnozlarına əsasən, həmin dövrdə ölkənin əmtəəlik (satış üçün nəzərdə tutulan) təbii qaz hasilatının həcminin azalacağı gözlənilir.

2026-cı il üçün əmtəəlik qaz hasilatı üzrə proqnoz 38 milyard kubmetr səviyyəsində göstərilib ki, bu da 2025-ci il üçün gözlənilən göstəriciyə yaxındır.

Bu ilin doqquz ayı ərzində əmtəəlik qaz hasilatı 29 milyard kubmetr təşkil edib və ilin sonunda yekun həcmin 38,5 milyard kubmetr olacağı gözlənilir.

Hökumətin proqnozlarına əsasən, sonrakı illərdə hasilatın həcmi azalma tendensiyasını davam etdirəcək.

Sənədə görə, 2027-ci ildə əmtəəlik qaz hasilatı əvvəlki ilə nisbətən 1,3 milyard kubmetr azalaraq 36,7 milyard kubmetrə enəcək.

2028-ci ildə isə azalma daha da sürətlənəcək və hasilat 34,5 milyard kubmetrə düşəcək. Bu, 2025-ci ilin göstəricisindən 4 milyard kubmetr və ya təxminən 11 faiz azdır.

Təbii qazla yanaşı, xam neft hasilatında da azalma proqnozlaşdırılır.

Xam neft hasilatının proqnozu 2026-cı il üçün 27,6 milyon ton səviyyəsində müəyyən edilib. 2028-ci il üçün bu göstəricinin 26,6 milyon tonadək enəcəyi bildirilir ki, bu da 2025-ci il üçün gözlənilən həcmdən 1 milyon ton azdır.

Hasilatla yanaşı, hökumət enerji daşıyıcılarının qiymətlərində də enmə gözləyir. Belə ki, təbii qazın 2026-cı il üçün proqnozlaşdırılan orta illik qiyməti (2024-cü illə müqayisədə) 35 dollar, xam neftin qiyməti isə 18 dollar aşağı göstərilib.