Əli Kərimlinin mühafizəçisi hakim önünə çıxarıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki üzvlərindən birinin - partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Kənan Zeynalovun (Basqalın) məhkəməsi başlanıb.

Noyabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən hazırlıq iclasında K.Basqalın vəkili Nazim Musayev onun haqqında cinayət işinə xitam verilməsini istəyib. Bu barədə vəsatət qaldıran vəkil vurğulayıb ki, müvəkkilinin əməlində cinayət tərkibi yoxdur.

Paytaxtın Yeni Günəşli ərazisində Anar Rəhimov adlı şəxsə bıçaqla xəsarət yetirməkdə suçlanan K.Basqal heç kimi bıçaqlamadığını, tutulması üçün öncədən hazırlanmış ssenari əsasında həbs olunduğunu deyir.

Vəkil N.Musayev bildirib ki, müvəkkilinin dedikləri ilə yanaşı, cinayət işi materiallarının təhlili də bu qənaətə gəlməyə əsas verir: "İddia olunur ki, Kənan Zeynalov hadisədən sonra əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Amma materialların təhlili göstərir ki, polislər elə hadisə yerində olublar. Hətta Təcili Tibbi Yardım maşını da orada olub. Başqa bir vacib məsələ budur ki, bu adam bıçaqlanıbsa və onun həyatı təhlükədədirsə, Suraxanı rayonundakı, yaxın ərazilərdəki tibb müəssisələrini qoyub Nəsimi rayonuna niyə gətirirdilər?".

Vəkilin daha bir vəsatəti hüquqlarını müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılması barədə olub. N.Musayev xahiş edib ki, məhkəmə cinayət işinə xitam verməsə, heç olmasa, hökm çıxarılanadək onu ev dustaqlığına buraxsın.

K.Basqal vəsatətləri dəstəkləyib. O, hadisənin necə baş verdiyini danışmaq istəsə də, hakim icazə verməyib: "Hələ hazırlıq iclasıdır, ifadə verəndə ətraflı danışarsınız".

Mahirə Kərimovanın sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib. AXCP fəalı haqqında məhkəmə baxışı noyabrın 20-nə təyin edilib.

Xatırlatma

K.Basqal bu il martın 21-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyətiylə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 11 ilədək həbs cəzası nəzərdə tutulub.

Partiya sədri Əli Kərimli mühafizəçisinin həbsini "qeyri-adi şərləmə" adlandırıb: "Kənan Basqalı tanıyanlar bilir ki, o, həddən artıq mədəni, mehriban, heç vaxt zorakılığa meyl göstərməyən bir insandır".

Müxalifətdə olan AXCP-nin hazırda 15-ə yaxın üzvü həbsdədir. Partiya onların hamısının siyasi sifarişlə həbs olunduğunu vurğulayıb. Onlardan bir neçəsi Ə.Kərimlinin ictimai əsaslarla mühafizəçisi, sürücüsü olub.

Hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycanda 400-ə yaxın siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması barədə deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, adları siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.