Jurnalisti Nərgiz Absalamova “Azad Media” mükafatına layiq görülüb

“Abzas Media işi” üzrə həbsdə olan jurnalisti Nərgiz Absalamova “Azad Media” mükafatına layiq görülüb.
“Qəzetçi“ yazır ki, mükafatın təqdimat mərasimi noyabrın 6-da Almaniyanın Hamburq şəhərində keçirilib.
Mərasimdə qeyd edilib ki, Nərgiz Absalamova 8 il müddətinə azadlıqdan məhrum edildiyinə görə, mükafatı şəxsən ona təqdim etmək mümkün olmayıb.
Mükafatı “Abzas Media”nın direktoru Günel Səfərova qəbul edib.
Jurnalistin namizədliyini bu mükafata irəli sürən həmkarı Əfqan Muxtarlı Nərgiz Absalamovanın həbsxanadan göndərdiyi məktubu səsləndirib.
“Azərbaycanın 10 milyondan çox vətəndaşı indi öz ölkəsində susdurulmuş vəziyyətdə yaşayır. Onların dərdini deyən, səsini çatdıran jurnalistlərin çoxu indi mənim kimi beton divarların arxasındadır. Bu səssizlik, bu boğucu sakitlik hökümətin ən böyük silahıdır”, - deyə Nərgiz Absalamova mükafat mərasiminə ünvanladığı məktubda yazıb.
Norveçin “Fritt Ort” və Almaniyanın “ZEIT Stiftung Bucerius” fondu tərəfindən verilən bu mükafat Şərqi Avropada peşəkar və cəsarətli jurnalistlərə, eləcə də media qurumlarına təqdim edilir.
“Azad Media” mükafatı Nərgiz Absalamovaya ətraf mühitin çirkləndirilməsi, korrupsiya və sosial hüquqların pozulması ilə bağlı mövzularda çəkdiyi videoreportajlara və sənədli filmlərə görə verilib.
2025-ci il üzrə media mükafatının laureatları arasında Nərgiz Absalamova ilə yanaşı gürcüstanlı jurnalist Mzia Amaqlobeli, rusiyalı jurnalist Aleksandra Astaxova, Belarusun “Belarus Araşdırma Mərkəzi”, Macarıstanın “Direkt36” və Ukraynanın “Gwara Media” nəşrləri də yer alır.