Azərbaycanlı ekspertlər növbəti dəfə Ermənistana gedib

Noyabrın 4-də Yerevanda dövlət nəzdində olan Orbeli Mərkəzinin təşkil etdiyi "Sülhün Qurulması və Çoxtərəfli Əməkdaşlıq" adlı konfransda 16 ölkədən 50-ə yaxın ekspert çıxış edib. Onların arasında Azərbaycandan Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov və "Carnegie" Rusiya Avrasiya Mərkəzinin tədqiqatçısı Zaur Şiriyev olub. 

Konfransda açılış nitqi ilə Ermənistan baş naziri Nikol Paşinyan çıxış edib. R.Hüseynov və Z.Şiriyev isə fərqli panellərdə çıxış ediblər. 

“Biz maksimalist mövqelərdən çəkinməli və gözləntilərimizi nə şişirtməli, nə də azaltmalıyıq. Realist olmalıyıq. Həyatda bütün qonşularımızı sevməsək də, onlara yardım üçün müraciət edirik və onları dəstəkləyirik. Düşüncə tərzində dəyişiklik lazımdır", - Z.Şiriyev panel çıxışında bildirib. 

Onun fikrincə, qarşılıqlı səfərlər erməni və azərbaycanlı cəmiyyətləri arasında münasibətlərin normallaşmasına töhfə verə bilər. 

"Ekspert qrupları isə hökumətlərə gələcək üçün yol xəritəsi hazırlamaqda, ictimai rəyi daha yaxşı anlamaqda və suallara cavab tapmaqda kömək edə bilər. Eyni zamanda, jurnalistlər iki ölkənin media məkanında ritorikanın normallaşmasına kömək edə bilərlər. Hökumətlər hər şeyi nəzarətdə saxlaya bilmir və cəmiyyətlərin öz fikirləri var. Bu, sülh prosesinin həm pozitiv, həm də neqativ qiymətləndirildiyi Azərbaycan üçün də keçərlidir. Münaqişənin tarixi var, insanlar travma yaşayıb, xatirələr hələ də canlıdır və biz bunları unuda bilmərik. Buna görə də, insanlar mənfi qiymətləndirmələr də verə bilərlər", – Z.Şiriyev əlavə edib.

R.Hüseynovun iştirak etdiyi paneldə isə, əsasən, sülh prosesi fonunda Cənubi Qafqazda iqtisadi əməkdaşlıq müzakirə olunub. 

R.Hüseynov çıxışında qeyd edib ki, “3+3” kimi regional platformaların mövcudluğu "dövlətlər arasında əməkdaşlığın təşviqi baxımından son dərəcə vacibdir."

“Lakin müəyyən səbəblərə görə ‘3+3’ formatı tam şəkildə işləməyib və hazırda onun gələcəyi hələ də məlum deyil. Ən vacib olan Cənubi Qafqazın üç respublikasının ahəngdar əməkdaşlığıdır. Mən bəzi regional inteqrasiya layihələri barədə nikbinəm. Bizim üçün nümunə kimi Baltik ölkələrinin əməkdaşlığını göstərmək olar – onlar öz qarşılıqlı əlaqələrini qoruyub saxlaya biliblər. Əgər bu variant bizim üçün işləməsə, o zaman Şərqə baxaraq alternativ variantlar axtara bilərik. Bəzi fikir ayrılıqlarına baxmayaraq, Mərkəzi Asiya ölkələri əməkdaşlıq üçün birgə platforma yarada biliblər və eyni zamanda xarici tərəfdaşlarla da fəal şəkildə işləyirlər", - o bildirib.

Bu, son ay yarımda azərbaycanlı ekspert və qeyri-hökumət təşkilatı rəhbərlərinin Ermənistana üçüncü səfəridir. 

Sentyabrın 22-də Topçubaşov Mərkəzinin direktor müavini Murad Muradov NATO Parlament Assambleyasının Ermənistanda keçirilmiş 108-ci Rouz-Rot seminarında iştirak etmişdi. 

Oktyabrın 22-də Azərbaycandan olan qeyri-hökumət təşkilatları (QHT) rəhbərlərinin Yerevana səfəri baş tutub.

Azərbaycandan Ermənistana yollanan nümayəndə heyətinin tərkibində Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva və "1news.az" saytının baş redaktoru Kəmalə Məmmədova yer alıb.

Səfər çərçivəsində onlar Ermənistandan olan həmkarları ilə, eləcə də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüblər.