Azərbaycan yenidən Türkiyə mediasında ölkə ilə bağlı yayılan saxta xəbərlərə etiraz edib

Azərbaycan yenidən Türkiyə mediasında ölkə ilə bağlı, əsasən də İsraillə münasibətlər mövzusunda yayılan saxta xəbərlərə etiraz edib.
Hökumətyönlü “APA” agentliyi geniş məqalə dərc edərək bunun “planlı və məqsədyönlü şəkildə aparılan saxta xəbər kampaniyası” olduğunu iddia edib.
Məlumatda qeyd olunub ki, bu barədə daha əvvəl də rəsmi təkziblər yayılıb. Xüsusilə Azərbaycanın İsrailin yarışdan kənarlaşdırılması halında “Eurovision” mahnı müsabiqəsindən geri çəkiləcəyi barədə iddialar rədd edilib.
Medianın İnkişafı Agentliyi isə sentyabrın 23-də bəyan edib ki, “Bakı Sudandan Ukraynaya silah göndərir” iddiaları da dezinformasiyadır və həmin yalan xəbərlər Türkiyə mediasında tirajlanıb.
“APA”nın son məqaləsində bildirilir ki, kampaniya artıq ayrı-ayrı media orqanlarının hüdudlarını aşaraq sistemli xarakter almağa başlayıb və Azərbaycanın dəfələrlə etdiyi rəsmi etirazlara baxmayaraq davam etdirilir.
Agentlik Türkiyə mediasını İran və Rusiya mətbuatı ilə müqayisə edib:
“Bu gün rus və iran mətbuatında yazılanların bizim üçün heç bir əhəmiyyəti yoxdur, onlar istinad edilən mənbələrdən çıxıblar. İndi isə Türkiyə mediası da etibarını itirməkdədir. Azərbaycan ictimaiyyəti ona güvənmir. Sual yaranır: Türkiyə mediasının buna nə ehtiyacı var?”
“APA”nın yazısında əlavə edilib ki, Türkiyə hökumətindəki mənbə bu məsələnin rəsmi dairələrdə araşdırıldığını bildirib.
“Artıq bununla bağlı araşdırma və təhlillər aparılır. Azərbaycan tərəfi ilə də məsələ üzrə fikir mübadiləsi aparılıb. Bu cür xəbərlərin yayılması Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinə zərər verə bilməyəcək qədər kiçik nüanslardır”, – mənbə qeyd edib.
Məqalənin sonunda Türkiyə mediası dövlət və media siyasətində “qırmızı xətləri” nəzərə almağa çağırılıb.
Son illər Azərbaycan İsraillə hərbi əməkdaşlıq və ortaq regional maraqlara əsaslanan yaxın tərəfdaşlıq qurub. Bununla belə, Azərbaycan üçün Türkiyə də ən yaxın strateji tərəfdaş olaraq qalır.
Qəzza müharibəsi fonunda İsrail beynəlxalq qınağa tuş gəlsə də, Bakı ilə münasibətlər sabitdir. Azərbaycan bir neçə dəfə İsrail ilə digər ölkələr, o cümlədən Suriya və Türkiyə arasında vasitəçilik missiyası da yerinə yetirib.