“Fələstin problemi yoxdur, Livan problemi yoxdur, Suriya problemi yoxdur, Yəmən problemi yoxdur, İran problemi yoxdur - açıq şəkildə İsrail problemi var”

İngilis nəşri yazır ki, hər iki ölkədə qarşı-qarşıya duran dünyagörüşləri kompromis üçün yer buraxmır və silahlı münaqişə hər an başlaya bilər

“İsrail və İran arasında son eskalasiyanın nəticələri yeni böyük qarşıdurmaya səbəb ola bilər. Təl-Əvivin aqressiv ritorikası Türkiyəni narahat edib. İndi iki güc arasında birbaşa toqquşma ehtimalı dəfələrlə artıb”. Bu barədə “Financial Times” yazır.

İsrail və İran arasında 12 günlük müharibə Yaxın Şərqdə güc balansını yenidən cızıb. Lakin ən təhlükəli nəticə İranla daha da gərginləşmə deyil, Türkiyə ilə İsrail arasında dartışmanın daha da şiddətlənməsi ola bilər. Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının bu yaxınlarda keçirilən sammitində çıxışı zamanı Ankaranın mövqeyini açıqlayıb: “Fələstin problemi yoxdur, Livan problemi yoxdur, Suriya problemi yoxdur, Yəmən problemi yoxdur, İran problemi yoxdur - açıq şəkildə İsrail problemi var”.

“Financial Times” yazır ki, bu sözlər Türkiyənin İsrailin bölgədəki rolu ilə bağlı müttəfiqdən rəqibə, indi isə birbaşa düşmənə çevrilməsini əks etdirir. Ankara İsrailin artan iddiasından və regional hegemon olmaq üçün yeni ambisiyalarından narahatdır.

Ərdoğanın HƏMAS-a ictimai dəstəyi Netanyahu hökumətinin kəskin reaksiyasına səbəb olub. Onsuz da qeyri-sabit olan bölgədə, hər ikisi Birləşmiş Ştatlarla müttəfiq olan ən güclü iki ordu arasında qarşıdurma baş verə bilər. Münaqişə həm ideoloji, həm də geosiyasi xarakter daşıyır. Ərdoğanın islamçı hökuməti türk millətçiliyi bir tərəfdə, İsraildə ifrat sağçı koalisiya bir tərəfdə. Bu qarşı-qarşıya duran dünyagörüşləri kompromis üçün çox az yer buraxır.

Suriya əsas qarşıdurma meydanına çevrilib. Ankara artıq Suriyanın şimalında geniş ərazilərə nəzarət edir və bütün ölkə ərazisində iqtisadi və hərbi təsirini artırmağa çalışır. İsrail də öz növbəsində hava hücumlarını gücləndirib və cihadçı qruplarla əlaqələri səbəbindən Suriyanın yeni hakimiyyətlərinə şübhə ilə yanaşan kürdlərin və druzların muxtariyyətini dəstəkləyir. Gərginlik aprel ayında İsrailin Türkiyə hərbi bazasının tikintisi üçün nəzərdə tutulan əraziyə zərbə endirməsi ilə pik həddə çatıb.

Bəllidir ki, Bakıda bir neçə raundda Türkiyə-İsrail danışıqları keçirilib. Britaniya nəşri yazır ki, hazırda iki tərəf arasında hərbi qaynar xətt mövcud olsa da, diplomatik əlaqələr dondurulub. Həm Ankaranın, həm Tel-Əvivin Azərbaycan masasından çəkilməsi və yaşanan istənilən gərginlik Bakının maraqlarına ziddidir. 

 

Müsavat