MBH Avropa Nümayəndəliyi Almaniya Xarici İşlər Nazirliyində görüşdə olub

Müsəlman Birliyi Hərəkatının (MBH) Avropa Nümayəndəliyinin üzvləri 28 iyul 2026-cı il tarixində Almaniya Federativ Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan məsələləri üzrə məsul diplomat Sophie Christin Valente ilə görüş keçiriblər.

Görüş zamanı Azərbaycanda insan hüquqları sahəsində mövcud vəziyyət, xüsusilə də Müsəlman Birliyi Hərəkatının rəhbəri Hacı Tale Bağırzadəyə qarşı uzun illərdir davam edən təzyiqlər ətraflı şəkildə müzakirə olunub. Nümayəndə heyəti Hacı Tale Bağırzadənin həbsdə saxlanılması, ailəsinə qarşı həyata keçirildiyi bildirilən təzyiqlər, hərəkat üzvlərinə qarşı davam edən repressiyalar və dindarlara qarşı sistemli təqiblərlə bağlı ətraflı məlumat təqdim edib.

Görüşdə MBH Avropa Nümayəndəliyi tərəfindən hazırlanmış, Hacı Tale Bağırzadəyə və ailəsinə qarşı həyata keçirilən təzyiqlərlə bağlı hesabat Almaniya Xarici İşlər Nazirliyinə rəsmi şəkildə təqdim olunub. Nümayəndə heyəti Almaniya tərəfinin Azərbaycanda insan hüquqları və dini azadlıqlarla bağlı vəziyyəti diqqətdə saxlamasının vacibliyini vurğulayıb.

Görüş zamanı Berlin şəhərində keçirilən etiraz aksiyası barədə də məlumat verilib. Bildirilib ki, aksiya Azərbaycanda həbsdə saxlanılan 9 jurnalist və 6 inanclı qadının azadlığa buraxılması tələbi ilə keçirilib. Bununla yanaşı, aksiya çərçivəsində hazırlanmış hesabat da Almaniya Xarici İşlər Nazirliyinə təqdim edilib.

MBH Avropa Nümayəndəliyi beynəlxalq ictimaiyyətin Azərbaycanda insan hüquqlarının, dini etiqad azadlığının və siyasi məhbuslarla bağlı vəziyyətə daha həssas yanaşmasının vacibliyini bir daha diqqətə çatdırıb. Görüş qarşılıqlı fikir mübadiləsi şəraitində baş tutub və nümayəndə heyəti göstərilən diqqətə görə Almaniya Xarici İşlər Nazirliyinə təşəkkürünü ifadə edib.