“Kütləvi aksiyalara selektiv yanaşma var”

Avropa Şurası Nazirlər Komitəsi (AŞNK)  ötən həftə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Azərbaycanla bağlı ümumilikdə 35 qərarının icrasını müzakirə elədi. Qərarların otuzuna "Qafqaz Məmmədov qrupu" daxilində nəzarət edilir. Qrupda sərbəst toplaşmaq azadlığı ilə bağlı işlərdən bəhs edilir. Orada, əsasən, azadlıq və toxunulmazlıq hüququnun pozuntusu tanınıb. Qurum bu işlərlə bağlı qanunvericilik sarıdan islahatları zəruri sayır.

Martın 14-də isə Saatlı rayonunda su qıtlığına görə toplaşaraq etiraz edən yerli sakinlərin aksiyasının qarşısı alınıb, rezin güllələrdən və digər  sərt vasitələrdən istifadə edildiyi açıqlanıb.

Daxili İşlər Nazirliyindən (DİN)  Saatlı rayonunda baş verən  həmin insidentlə bağlı  “Turan”a bildiriblər ki, polis əməkdaşları qanunsuz aksiyada qanunvericiliyə uyğun tədbirlər həyata keçirib: “Polisin qanuni tələblərinə tabe olmayan şəxslər barədə qanunvericiliyə uyğun olaraq xüsusi vasitələr tətbiq olunub  və bununla da ictimai asayiş həmin ərazidə bərpa olunub”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc  da “Turan”a deyib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunda  “Mülkü və siyasi hüquqlar haqqında”  Beynəlxalq Paktın və Avropa İnsan Haqları Konvensiyasının əsas müddəaları öz əksini tapıb. Onun vurğulamasına görə,  söhbət  yerli qaununvercilikdə də əksini tapan sərbəst toplaşmaq hüququnun məhdudlaşdırıla bilinəcyi 6 prinsipdən gedir:

“Hökümət hər zaman qeyd edir ki, sərbəst toplaşmaq hüququ ilə bağlı sanksiyalaşdırma özü-özlüyündə icazə almaqdır. Baxmayaraq ki, bu konstitusion hüquqdur və bütövlükdə ölkə əhalisinin hər bir fərdinə, partiyasına, qeyri-siyasi qüvvələrə, dindara, ateistə aid bir məsələdir. Təəssüf olsun ki, bu qanun ətrafında da münasibətlər həddindən artıq siyasiləşib. Müxalif qüvvələr bunu məlumat vermə və istənilən ərazidə toplaşmaq hüququ kimi təqdim edir”.
“Bu məsələ ilə bağlı pat bir vəziyyət yaranıb”.

Deputatın sözlərinə görə, qanuna belə əks-qütblü münasibət onun işləkliyinə mənfi təsir göstərir: “Faktiki olaraq pandemiyada toplaşmaların ümumiyyətlə azalması və demokratiya sahəsində gerimələr fonunda bizim ölkəmizdə bu məsələ ilə bağlı pat bir vəziyyət yaranıb”.

Komitə sədrinin fikrincə, bütün ölkənin coğrafiyasında vətəndaşların toplaşmaq hüququnun ərazilər üzrə dislokasiyalarını ən yaxın zamanda müəyyənləşdirərək rəsmi olaraq dərc etmək gərəkdir: “İkincisi, yalnız xüsusi halları, yəni beynəlxalq tədbirlər, pandemiya şəraiti və digər fors-major halları çıxmaq şərti ilə digər günlərdə bu aksiyaların, etirazların keçirilməsi mümkün olmalıdır. Qanunvericilikdə bu var, amma təbii ki, orada ağlabatan say ifadəsi yer alıb”.

Z.Oruc hesab edir ki, Vətən ( İkinci Qarabağ” müharibəsində qələbə qazanmış bir ölkənin hakimiyyəti, xüsusi olaraq onun lideri güclü elektoral bazaya və xalqın böyük rəğbətinə malikdir: “Belə şəraitdə müxtəlif beynəlxalq qüvvələr, əksər hallarda siyasi korrupsiyaya bağlanmış təşkilatlar Azərbaycana qarşı hücumlarından, Azərbaycanı hesabatlarında aşağı yerlərə qoymaqdan müəyyən qədər çəkinəcəklər”.

O, vurğulayıb ki, şəhərin əsas nəqliyyat vasitələrinin hərəkət etdiyi zolaqlarla bağlı “burada əhali düşəcək və müşahidəçi olacaq vətəndaşlar bizim tərəfdarımıza çevrilsin” əqidəsi ilə yox, real olaraq öz ideologiyalarını bölüşən tərəfdarları ilə birlikdə partiyalar aksiyaları keçirə bilər.

Vətəndaş Hüquqları İnstitutunun sədri Bəşir Süleymanlı isə AzadlıqRadiosuna bildirib ki, AİHM qərarları yalnız imperativ xarakteri daşımır və  hökümətlərin üzərinə həmin sahədə olan problemlərin aradan qaldırılması məsuliyyəti də qoyulur: “Yəni, kompensasiyalarla yanaşı həmin qərarlara uyğun qanunvericilikdə, faktiki  problemlərin aradan qaldırılması öhdəliyi də yaradılır. Təəssüf ki, Azərbaycan höküməti kompensasiyaları ödəyib praktiki məsələlərlə və qanunvericilik islahatlarla bağlı addım atmır”.
Ekspertin sözlərinə görə, Azərbaycanda uzun illərdir sərbəst toplaşmaq azadlığı məsələsi problemdir: “Əvvəllər müəyyən yerlər ayrılsa da (bu da qanunvericilik və insan hüquqları kontekstinə uyğun deyil, çünki məhdudiyyətlər qoyulmamalıdır), sonradan bu da aradan qaldırıldı. Şəhərin mərkəzində etiraz aksiyaların keçirilməsinə icra hakimiyyəti orqanları tərəfindən icazə verilmir və bu da siyasi qərardır”.

Onun fikrincə hakimiyyət alternativ səsləri eşitmək istəmir: “Kütləvi aksiyalara selektiv yanaşma var. Birdə görürsən ki, hökümətyönümlü təşkilatlar hətta kütləvi şəkildə öz sərbəst toplaşmaq hüququndan istifadə edərkən heç bir müdaxilə edilmir, amma  siyasi olmayan şəxslərin etirazına icazə verilmir. O cümlədən də Saatlıda sırf sosial məsələlərlə bağlı keçirilən aksiya zamanı da aşırı gücün tətbiqinə şahid olduq”.

 

Turan.